Zorakılığa məruz qalan kişilər...

KÖŞƏ YAZILARI
12:03 / 24.07.2026
159

Zorakılıq mövzusu gündəmə gələndə diqqət əsasən qadınlara və uşaqlara yönəlir. 

Bu, təbiidir, çünki onlar zorakılıqdan ən çox zərər görən qruplar arasındadır. Lakin bu, zorakılığa məruz qalan kişilərin olmadığı anlamına gəlmir. Cəmiyyətin formalaşdırdığı “kişi güclü olmalıdır”, “kişi ağlamaz”, “kişi hər çətinliyə dözməlidir” kimi stereotiplər bir çox kişinin yaşadığı fiziki, psixoloji və ya emosional zorakılığı gizlətməsinə səbəb olur. Nəticədə onlar nə baş verənləri bölüşür, nə də kömək istəməyə cəsarət edirlər.

Ən təhlükəli məqam isə odur ki, kişiyə qarşı zorakılıq bəzən ciddi problem kimi qəbul edilmir, hətta istehza ilə qarşılanır. Halbuki zorakılığın qurbanı qadın da, kişi də ola bilər.
2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub. Belə ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaqdır.

İnanılması çətin olsa da, kişilər də zorakılığın qurbanı olur. Artıq bu fakt gizlədilmir, rəsmi şəkildə nə qədərkişinin zorakılıq qurbanı olduğu bəyan edilir. Əslində kişi qurbanların görünməz qalmasının səbəbi təkcə qorxu deyil. Bu, həm də illərlə formalaşmış sosial rolların nəticəsidir. Bir kişi zorakılığa məruz qaldığını etiraf edəndə ilk olaraq hadisənin özü yox, onun kişiliyi müzakirə olunur. Sanki problem zorakılıq deyil, zərərçəkənin kişi olmasıdır.

Bəlkə də bu mövzuya başqa prizmadan baxmaq lazımdır. Zorakılıq göstərən insan ilk növbədə qarşısındakı şəxsin qadın və ya kişi olmasına yox, onun susacağına inanır. Deməli, zorakılığı mümkün edən əsas amillərdən biri fiziki güc deyil, qurbanın səsini çıxarmayacağına olan əminlikdir. Cəmiyyət isə bu səssizliyi “kişilik” adı ilə normallaşdırdıqca, görünməyən qurbanların sayı da artmağa davam edir...

Günel Cəlilova

0