Evdə hazırlanıb satılan yeməklər – “Təhlükə mənbəyidir”

SAĞLAMLIQ
14:49 / 24.07.2026
149

Son zamanlar sosial şəbəkələrdə ev şəraitində hazırlanaraq satılan yemək elanlarının sayı sürətlə artmaqdadır. 

İlk baxışdan bu məhsullar “ev yeməyi” adı altında daha dadlı və təbii görünsə də, onların arxasında ciddi risklər dayanır. Mətbəxlərin sanitariya-gigiyena normasından kənar olması və qidaların hazırlanma şəraitinə nəzarətin edilməməsi böyük suallar doğurur.

 
İstehsalçıların xüsusi tibbi müayinədən keçməməsi və istifadə olunan ərzaqların saxlanma qaydalarına həmişə əməl olunmaması insan sağlamlığı üçün birbaşa təhdiddir. Xüsusilə isti hava şəraitində belə qidaların tez xarab olması kütləvi zəhərlənmə ehtimallarını daha da artırır. Bu səbəbdən, mənşəyi və tərkibi tam bəlli olmayan məhsulları alarkən hər bir istehlakçı öz sağlamlığı qarşısında məsuliyyətini dərk etməlidir.

Mövzu ilə bağlı qida eksperti İlkin Şirinov Hit.az-a açıqlama verib.

O bildirib ki, bu, artıq bir neçə gündür gündəmdə olan məsələlərdən biridir:
“Əslində, çox uzun müddətdir evdə hazırlanan yeməkləri alan insanlar var. Bəlkə də zərərlərini görüb və ya həmin yeməklərdən zəhərləniblər. Həmçinin, sözügedən yeməkləri yeyənlərin səhhətində müəyyən fəsadlar da yaranmış ola bilər.

Amma nədənsə insanların xeyrinə bir söz deyəndə bunu tərs başa düşürlər. Sanki bunu qəbul etmək istəmirlər. Halbuki, sadəcə insanları maarifləndirmək üçün çalışırıq. İnsanların sağlamlığı üçün nələrsə etmək istəyirik”.

Ekspert qeyd edib ki, üzərində markalanması və tərkibi haqqında məlumat olmayan, hansı xammaldan hazırlandığı bilinməyən məhsullara hansısa qurum nəzarət edə bilməz:
“Məsələn, Qida Təhlükəsizliyi Agentliyinin və ya başqa qurumun əməkdaşlarının kiminsə evinə, mətbəxinə girib müdaxilə etmək kimi bir səlahiyyəti yoxdur. Ona görə də evdə hazırlanıb satılan yeməklərin keyfiyyəti şübhəlidir. Hansı xammaldan hazırlandığı və saxlanılma şəraiti sual altında olan yeməklərdən insanların xeyrinə danışmaq mümkün deyil. Əslində, məsələ çox sadədir”.

Mütəxəssis onu da əlavə edib ki, kafe və restoranlarda artıq şəffaf mətbəx prinsipi tətbiq olunmalıdır:
“Şəffaf mətbəx prinsipində insanlar kafe və restoranlardan onlar üçün hazırlanan yeməkləri öz gözləri ilə görməlidirlər ki, nə ilə qidalandıqları haqqında məlumatlı olsunlar və heç kim də şübhə ilə yanaşmasın. Biz bu prinsipi irəli sürməyə çalışırıq və bunun bu daha yaxşı olacağını deyirik.


Evdə isə sanitar-gigiyenik normalara əməl olunub-olunmadığı sual altında olan yeməklərin hazırlanması üçün istifadə edilən xammalın hansı şəraitdə saxlanılması haqqında məlumatınız olmadan onu necə sifariş verib, yeyirsiniz? Bu, artıq insanların öz öhdəsinə qalan bir məsələdir”.

Həmsöhbətimiz vurğulayıb ki, insanlar öz sağlamlıqlarının qeydinə qalmalıdırlar:
“Evdə necə hazırlandığı bəlli olmadan satılan tort, şirniyyat və salatları da almaq risklidir. Biz də çalışırıq ki, insanlarımızın qidası ilə bağlı müəyyən tövsiyələr verə bilək. Lakin evdə, hansısa bir qapalı, gözlərdən uzaq bir şəraitdə hazırlanan qidaların keyfiyyətinə kimlər zəmanət verə bilər? Təbii ki, buna heç kim zəmanət verə və ya cavabdeh ola bilməz.

Çünki adam evdə yeməyi hazırlayır, sosial şəbəkədə satır. Yəni hansısa aidiyyəti qurumlar ona nəzarət etmir. Əlbəttə ki, burada hansısa qida təhlükəsizliyindən və yaxud da keyfiyyətli qidalanmadan danışmaq olmaz. Ancaq insan evində özü üçün həmin qidanı hazırlayırsa, artıq sanitar və gigiyenik normalara əməl edir. Unutmayın ki, qidalanma çox həssas olan məsələdir. Çalışmaq lazımdır ki, göz görə-görə özümüzü zəhərləməyək”.

Pəviz

0