Alimlər müəyyən ediblər ki, minlərlə quş növünün nəğməsi cəmi səkkiz əsas akustik motivin müxtəlif kombinasiyalarından ibarətdir. Tədqiqat quş nəğmələrinin təkamülü ilə bağlı uzun illərdir cavabsız qalan suallara yeni baxış təqdim edir.
HİT.az xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, araşdırma əsasən sərçəkimilər dəstəsinə aid quşları əhatə edib. Bu quşlar nəğmələrindən əsasən cütləşmə dövründə tərəfdaş cəlb etmək və ya rəqibləri uzaqlaşdırmaq üçün istifadə edirlər. Onların nəğmələri sadə təkrarlanan notlardan mürəkkəb melodiyalara qədər dəyişə bilir.
Sərçəkimilər dünyadakı bütün quş növlərinin təxminən 60 faizini təşkil edir. Hazırda bu dəstəyə aid 6 500-dən çox növ məlumdur və onların hamısının 50 milyon ildən çox əvvəl yaşamış ortaq əcdaddan törədiyi hesab olunur.
Fransadakı CRNL Bioakustik Tədqiqatlar Laboratoriyasının alimləri bildirirlər ki, quş nəğmələrinin müxtəlifliyi və akustik quruluşu hələ də tam öyrənilməyib. Xüsusilə də müxtəlif yaşayış mühitlərində yaşayan növlərin niyə fərqli nəğmə formaları inkişaf etdirdiyi indiyədək tam izah olunmayıb.
"Science" jurnalında dərc olunan tədqiqat çərçivəsində 3 160 quş növünə aid təxminən 116 min nəğmə təhlil edilib. Araşdırma nəticəsində məlum olub ki, bütün bu zəngin müxtəliflik tril, fit və harmonik tonlar da daxil olmaqla cəmi səkkiz əsas akustik motivdən yaranır.
Tədqiqatçılar bu dəfə yalnız səsin tonu və tezliyini deyil, həm də zaman və tezlik üzrə mürəkkəb akustik strukturları analiz edən yeni metoddan istifadə ediblər. Bu yanaşma minlərlə quş nəğməsini geniş miqyasda müqayisə etməyə imkan verib.
Alimlərin qənaətinə görə, bu səkkiz əsas motiv quş nəğmələrinin təkamülünün erkən mərhələsində formalaşıb və sonradan müxtəlif yaşayış mühitlərinə uyğunlaşaraq dəyişib.
Araşdırma həmçinin göstərib ki, hər quş növü adətən bu səkkiz motivdən yalnız beşini öz repertuarında istifadə edir. Əksər növlər bir əsas motivə üstünlük versələr də, bəziləri müxtəlif motivləri daha balanslı şəkildə birləşdirirlər.
Mütəxəssislərin fikrincə, quşların yaşadığı mühit onların nəğmələrinin formalaşmasına birbaşa təsir göstərir. Məsələn, sıx tropik meşələrdə səsin yayılması çətin olduğundan daha sabit fit səsləri üstünlük təşkil edir. Mülayim iqlim qurşaqlarında isə yaxın məsafədə ünsiyyət və mövsümi cütləşmə səbəbindən sürətli tril səsləri daha geniş yayılıb.
Tədqiqatda iştirak etməyən heyvan davranışları üzrə mütəxəssis Elodi Brifer bildirib ki, bu araşdırma sərçəkimilərin nəğmələrinin təkamülünə dair indiyədək aparılmış ən geniş təhlillərdən biridir.
Onun sözlərinə görə, əldə olunan nəticələr təkcə quşların ünsiyyət sistemini daha yaxşı anlamağa deyil, həm də digər canlı qruplarında mürəkkəb akustik sistemlərin təkamülünü öyrənməyə kömək edə bilər.
Samir


