Roman Kərimovun məhkəməsi başladı

ÖLKƏ
15:05 / 25.07.2026
49

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Roman Kərimovun cinayət işi üzrə məhkəməsi başlayıb. 

HİT.az "Unikal"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə yeni tərkib elan edilib. 

Daha sonra hakim ittiham aktını elan etmək üçün dövlət ittihamçısı Zaur Qasımova söz verib. 

Prokuror ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, əvvəllər də məhkum olunmuş Roman Kərimov 
2024-cü ilin sentyabrında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun idarə etdiyi avtomobildən satış məqsədi ilə əldə etdiyi 2 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.

Daha sonra söz təqsirləndirilən şəxsə verilib. Roman Kərimov ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib. 

Roman Kərimov bildirib ki, hər şey Niyazi adlı tanışının polis əməkdaşları tərəfindən saxlanılmasından sonra baş verdi:

"Mən özüm dəfələrlə polis idarəsində olmuşam. Orda mənə niyə demirdilər ki Niyaziyə narkotika satmısan? Bazara xəkandaz almağa getmişdim. Mağazaya gedəndə polis əməkdaşları saxladılar. Əvvəllər narkotikadan istifadə etmişəm, lakin müalicə aldıqdan sonra bu pis vərdişlərdən uzağam. Mən ibtidai istintaq dövründə olan vəkilimdən narazı olmuşam. Mən günahsızam".

Məhkəmənin növbəti iclası sentyabrın 3-nə təyin edilib. 

Qeyd edək ki, Roman Kərimova qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Demokrat.az

0