Bakı avtobuslarının “bitməyən” intervalları...

KÖŞƏ YAZILARI
16:45 / 23.07.2026
235

Bakıda hər gün işə və ya evə gedərkən uzun müddət avtobus gözləmək adi bir hala çevrilib.

Düzdür, bunu bütün maşrutlara aid etmək olmaz. Xüsusilə şəhər içində belə problemlər yaşanmır. Lakin şəhərətrafı marşurtların əksəriyyətində vəziyyət belədir. Şəhər mərkəzindən bir az kənarda yerləşən yaşayış massivlərində, Günəşli, Hövsan, Masazır, Qaraçuxur və Xırdalan istiqamətindəki bəzi xətlərdə avtobus gözləmək əsl səbr imtahanına çevrilir. Bəzən minumum interval 15 dəqiqəyə çatır, bəzən isə bu müddət 35-40 dəqiqəni belə keçir.

Üstəlik, o uzun gözləntidən sonra üfüqdə görünən avtobus isə nəinki sərnişin götürmür, hətta qapılarını çətinliklə bağlayacaq qədər dolu olur. Bəs onda necə olsun? Dayanacaqdakı insan növbəti “müəmmalı” intervalı gözləməyə məcbur qalır.

Əsas sual budur: Müasir şəhər nəqliyyatının əsas məqsədir insanlara vaxt qazandırmaq deyilmi? 

Biz isə hər gün dayanacaqlarda qiymətli vaxtımızı, enerjimizi və ən əsası, əsəblərimizi itiririk. Əlbəttə, sürücüləri və ya daşıyıcı şirkətləri dinləsək, səbəblər hazırdır: “tıxac var”, “yol təmirlidir”, “avtobus çatışmır”. Bəli, Bakının tıxac problemi danılmazdır. Amma bu tıxaclar hər gün eyni saatda, eyni marşrutda baş verirsə, deməli, bu artıq “gözlənilməz fors-major” hal deyil, sistemli bir problemdir. 

Əgər interval planlaşdırılması şəhərin real nəqliyyat sıxlığına uyğunlaşdırılmırsa, burada günahkar sərnişin deyil. İnsanlar sadəcə işinə, dərsinə, evinə vaxtında çatmaq istəyirlər. İctimai nəqliyyat fərdi avtomobillərə alternativdirsə, ilk növbədə interval qısa olmalıdır. Sərnişin bilməlidir ki, dayanacağa yaxınlaşanda avtobus onu yarı yolda qoymayacaq və vaxtında gələcək.

Bakı böyüyür, gözəlləşir, müasirləşir. Lakin şəhərin müasirliyi təkcə yeni binalarla deyil, həm də onun sakinlərinə təqdim etdiyi rahatlıqla ölçülür. Bu rahatlığın ilk pilləsi elə dayanacaqdan başlayır. Ümid edək ki, aidiyyəti qurumlar bu “uzun intervallar” silsiləsinə tezliklə nöqtə qoyacaq və dayanacaqlardakı ümidsiz gözləyişlər yerini vaxtında dəqiq işləyən rahat nəqliyyata verəcək...

Pərviz

0