Daha bir aktrisa müğənni olacaq? - MÜSAHİBƏ

MÜSAHİBƏ
16:00 / 22.07.2026
246

“Doğru layihədən təklif gəlsə, məmnuniyyətlə aparıcı kimi də tamaşaçı qarşısına çıxaram”.

Bu sözləri tanınmış aktrisa Əsmər Rüstəmli Hit.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

-    Əsmər xanım, tətili harada və necə keçirirsiniz?
-    Hazırda tətildə deyiləm, Bakıdayam. Lakin 25 iyulda Antalyaya gedəcəm və istirahətimi orada keçirəcəyəm. Antalyadan nə vaxt qayıdacağımı və ya daha sonra hara gedəcəyimi hələ dəqiq bilmirəm. Qayıdandan sonra Bakıda olacağam, yoxsa başqa planlar yaranacaq, bunu zaman göstərəcək. Sadəcə istirahətimin dadını çıxarıb, özümə vaxt ayırmaq və enerjimi bərpa etmək istəyirəm.

-    Bəs yeni iş təklifləri varmı?
-    Əlbəttə ki, təkliflər olur. Aralarında maraqlı layihələr də, mənə uyğun olmayanlar da var. Lakin bu aralar tələsib qərar vermək istəmirəm. Yorğun bir beyinlə verilən qərarlar adətən düzgün olmur. İndi bir az dincəlmək, sonra isə məni həqiqətən həyəcanlandıran layihələrə “bəli” demək istəyirəm.

-    Aparıcılıq etmək kimi bir düşüncəniz var?
-    Bəli, var. Niyə də yox? Aparıcılıq mənə həmişə yaxın olub. “ATV”-də 5 il işlədiyim müddətdə eyni zamanda həm efir, həm də kamera qarşısında təcrübə qazanmışam. İnsanlarla ünsiyyət qurmağı, improvizasiya etməyi sevirəm və kamera qarşısında özümü rahat hiss edirəm. Düşünürəm ki, aparıcılıq üçün lazım olan potensiala və təcrübəyə sahibəm. Doğru layihədən təklif gəlsə, məmnuniyyətlə aparıcı kimi də tamaşaçı qarşısına çıxaram.

-    Bəzi aktrisalar zaman-zaman mahnı da oxuyur. Sizin belə xəyalınız varmı?
-    Xəyalım olmasa da, amma səsim var. İncəsənət təhsili aldığım üçün vokal səsim də var. Sadəcə bu istiqamətin üzərinə ciddi düşməmişəm. Səs də bir növ məşq kimidir – üzərində işləməyəndə əvvəlki gücünü və elastikliyini itirməyə başlayır. 

Arada özüm üçün oxuyuram, bundan zövq alıram. Amma hazırda müğənni olmaq kimi bir planım yoxdur. Hərçənd rusların gözəl bir sözü var: “Heç vaxt heç vaxt demə”. Həyatın insanın qarşısına nə çıxaracağını əvvəlcədən bilmək olmur.

-    Qısa müddətdə bu sektorda olan biri kimi ən sevmədiyiniz və gözləmədiyiniz şeylər nələr oldu?
-    İlk növbədə onu deyim ki, “İki qapı arasında” serialı mənə çox şey qazandırdı. Həm peşəkar təcrübə topladım, həm də çox dəyərli insanlar, yaxşı dostlar və tanışlıqlar qazandım. Buna görə də birlikdə çalışdığım komandaya təşəkkür edirəm.

Digər tərəfdən, həyat mənə səmimiyyətin də, qeyri-səmimiyyətin də olduğunu göstərdi. Bu isə məni daha diqqətli və daha məsuliyyətli etdi. Artıq bu sahədə olduğuma görə verdiyim qərarlarda, seçdiyim layihələrdə və ümumiyyətlə hər addımımda daha düşünülmüş davranmağa çalışıram.

Pərviz Şimşək

0