Metronun açılması labüddür - TƏBİB 

ÖLKƏ
14:00 / 08.09.2020
770

Artıq uzun müddətdir ölkə ərazisində virusla bağlı bir çox məhdudiyyətlər aradan qaldırılıb. Bu gündən etibarən rayonlara gediş-gəliş bərpa olunub, kafe və restoranlar 12-yə qədər fəaliyyət göstərməyə başlayıb. Bu isə paytaxtda insan sıxlığına və yoluxma sayının artmasına gətirib çıxara bilər. 

Bu halda nəqliyyat vasitələrinin tam fəaliyyətlə çalışması, metronun fəaliyyətini bərpa etməsi mümkündürmü?

Bununla bağlı "MediaPost"a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, yumşaldılmaların davam etməsi və məhduduyyətlərin aradan qaldırılması ilə bağlı təmas yoluxma riskini artıra bilər:

“Gələcəkdə yoluxmaların artma ehtimalı daha da yüksəkdir. Bu baxımdan maska zəruri ola bilər, amma onun zəruriliyi qapalı ərazilər üçün keçərlidir. Hazırda mövcud qadağa gündəmdədir. Açıq havada maska zəruriyyətinə ehtiyac yoxdur. Lakin qapalı məkanlarda maska qadağası mütləq davam etdirilməlidir. Ən önəmlisi isə ara məsafəsinin qorunmasıdır”. 

İnfeksionist əlavə edib ki, bu məhdudiyyətlərin götürülməsi, zamanla digərlərini də aradan qaldıracaq: “Düşünürəm ki, nəqliyyat vasitələrində sıxlığın qarşısını almaq üçün əksinə onların sayını artırmaq lazımdır. Bir həkim kimi bu, mənim şəxsi düşüncəmdir. Nəqliyyat vasitələri nə qədər çox olarsa, insanların bir-birinə yaxın təması azalmış olar. Ona görə də, yaxın gələcəkdə nəqliyyat vasitələri tam fəaliyyətini bərpa edə bilər. Bununla bağlı qurumlar monitorinq təşkil edərək uyğun qərar verə bilər. Həkim kimi düşünürəm ki, bütün ictimai nəqliyyat vasitələrinin bərpası labüddür. Yalnız bu şəkildə insan sıxlığını azaltmaq olar”. 

0