1977-ci ildə amerikalı dəniz geoloqları Qalapaqos adaları yaxınlığında Sakit okeanın dibinə enərək elmi dünyanı təəccübləndirən kəşfə imza atıblar.
HİT.az xəbər verir ki, "SpaceDaily" nəşrinin yazdığına görə, tədqiqat ekspedisiyası geoloji məqsədlərlə təşkil olunduğundan, gəmidə hətta bioloqlar belə olmayıb. Çünki həmin dərinlikdə həyatın mövcud olacağı gözlənilmirdi.
Ekspedisiyanın məqsədi hidrotermal mənbələrin olduğu ehtimal edilən ərazidə dəniz dibinin fotoşəkillərini çəkmək idi. Lakin lentlər emal edildikdən sonra alimlər dəniz dibində iri ağ molyuskların görüntülərini görüblər.
Bundan sonra üç nəfərlik ekipaj təxminən 2500 metr dərinliyə enərək gözlənilməz mənzərə ilə qarşılaşıb. Dəniz dibindəki çatların ətrafında uzunluğu təxminən 30 santimetr olan iri ağ molyusklar, midiya koloniyaları, onların arasında hərəkət edən kor ağ xərçənglər, aktiniyalar, balıqlar və içərisində parlaq qırmızı lələkvari çıxıntıları olan boru qurdları müşahidə edilib.
Sonrakı analizlər hidrotermal mənbələrdən çıxan isti suyun yüksək miqdarda hidrogen-sulfid ehtiva etdiyini göstərib.
Alimlər müəyyən ediblər ki, bu mühitdə yaşayan xemosintetik bakteriyalar hidrogen-sulfidi oksidləşdirərək ayrılan enerjidən istifadə edir və karbon qazı ilə sudan üzvi maddələr sintez edirlər. Beləliklə, onlar Yer səthində bitkilərin fotosintez vasitəsilə gördüyü işi günəş işığı olmadan, yalnız kimyəvi enerji hesabına həyata keçirirlər.
1981-ci ildə Harvard Universitetinin doktorantı Kollin Kavana hidrotermal mənbələrdə yaşayan boru qurdlarının qidalanma mexanizmini də izah edib. O müəyyən edib ki, ağız və həzm sistemi olmayan bu canlıların orqanizmində trofosoma adlanan xüsusi orqan yerləşir və burada xemosintetik bakteriyalar yaşayır.
Qurdlar ətraf mühitdən hidrogen-sulfid və oksigen toplayaraq bakteriyaları qidalandırır, bakteriyalar isə istehsal etdikləri üzvi maddələrlə ev sahibini təmin edirlər. Sonradan oxşar simbiotik əlaqə nəhəng molyusklarda və midiyalarda da aşkar edilib.
Mütəxəssislərin fikrincə, 1977-ci ildə Qalapaqos yaxınlığında edilən bu kəşf XX əsrin sonlarında biologiya sahəsində ən mühüm elmi nailiyyətlərdən biri olub. Bu tapıntı göstərib ki, həyat yalnız Günəş enerjisindən asılı deyil və tam qaranlıq mühitdə də, Yerin dərinliklərindən gələn kimyəvi enerji hesabına uzun müddət mövcud ola bilər.
Bu kəşf həm də Yer hüdudlarından kənarda həyat axtarışına yeni istiqamət verib. Alimlər hesab edirlər ki, oxşar ekosistemlər Yupiterin peyki "Europa", Saturnun peyki "Enselad" və Günəş sisteminin digər buzla örtülü okean cisimlərində də mövcud ola bilər.
Samir


