Nitqin öyrənilməsi təkcə dil, dodaq və qırtlaq hərəkətlərinin yadda saxlanmasından deyil, daha çox insanın səsləri necə eşitməsi və hiss etməsindən asılıdır.
HİT.az xəbər verir ki, bu nəticəyə Monreal Universiteti və Yale Tibb Məktəbinin tədqiqatçıları gəlib. Kəşf barədə “ScienceDaily” məlumat yayıb.
Uzun müddət hesab olunurdu ki, nitq bacarıqlarının formalaşması əsasən motor bacarıqların məşqinə əsaslanır: beyin sözlərin düzgün tələffüzü üçün lazım olan dil, dodaq və qırtlaq hərəkətlərini yadda saxlayır. Lakin yeni araşdırma göstərib ki, bu prosesdə əsas rol eşitmə və sensor siqnallara aiddir.
Təcrübə zamanı könüllülər dəyişdirilmiş səsləri tələffüz edib və həmin səsləri qulaqlıqlar vasitəsilə eşidiblər. Bu, beynin nitqi uyğunlaşdırmasına səbəb olub. Daha sonra alimlər transkranial maqnit stimulyasiyası ilə beyin qabığının eşitmə, somatosensor və motor sahələrinin fəaliyyətini müvəqqəti olaraq zəiflədiblər.
Müəyyən edilib ki, eşitmə və ya somatosensor qabığın müvəqqəti bloklanması iştirakçıların ertəsi gün yeni nitq bacarıqlarını xeyli zəif saxlamasına gətirib çıxarıb. Motor qabığının fəaliyyətinin zəiflədilməsi isə nəticələrə demək olar ki, təsir etməyib.
Tədqiqat müəlliflərinə görə, bu o deməkdir ki, beyin nitqi əsasən onun səslənməsini eşitmə və tələffüz zamanı yaranan hisslər vasitəsilə yadda saxlayır, birbaşa motor əmrlər vasitəsilə deyil.
Alimlər hesab edirlər ki, bu kəşf insultdan sonra nitqin bərpası metodlarının təkmilləşdirilməsinə, eləcə də “beyin–kompüter” interfeyslərinin inkişafına töhfə verə bilər. Nəticələr həmçinin uşaqların və böyüklərin nitq bacarıqlarını necə mənimsədiyinə dair mövcud təsəvvürləri dəyişə bilər.
Samir


