Hətta dişi uğrunda mübarizə zamanı belə ilanlar əsas silahları olan zəhərdən istifadə etmirlər. Bunun əvəzinə sürünənlər arasında baş verən qarşıdurmalar daha çox təkamül prosesində formalaşmış ritual xarakteri daşıyır.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Şmalhauzen adına Zoologiya İnstitutunun kiçik elmi işçisi, herpetoloq Oleksiy Maruşçak yerli "Teleqraf" nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, erkək ilanlar arasında rəqabət zamanı onlar demək olar ki, heç vaxt bir-birlərini zəhərli dişləmə ilə yaralamırlar. Əvəzində güclərini nümayiş etdirmək üçün bir-birlərini itələyərək üstünlük qazanmağa çalışırlar.
"Hətta ilanlar dişi uğrunda döyüşəndə belə zəhərdən istifadə etmirlər. Onlar qarşıdurma zamanı ümumiyyətlə zəhərlərini işə salmırlar", deyə Oleksiy Maruşçak bildirib.
Alim izah edib ki, bu davranış təbii seçmənin nəticəsidir. Əgər ilanlar hər qarşıdurmada bir-birlərini zəhərləsəydilər, bu, çox sayda fərdin məhv olmasına səbəb olar və növün sağ qalmasına mənfi təsir göstərərdi.
"Əgər bir ilan digərini dişləsə, o da eyni şəkildə cavab verə bilər. Nəticədə hər ikisi ölər. Təkamül baxımından bu sərfəli deyil. Buna görə də belə qarşıdurmalar ritual xarakter alıb: ilanlar bir-birlərini itələyir, üstünlüklərini nümayiş etdirirlər, lakin dişləmirlər", deyə alim vurğulayıb.
Maruşçak həmçinin bildirib ki, son vaxtlar Ukraynada küçələrdə ekzotik sürünənlərin aşkarlanması halları artıb. Onun sözlərinə görə, bunlar əsasən boa ilanları, pitonlar və hətta kral kobralarıdır. Mütəxəssis hesab edir ki, bu heyvanlar çox güman ki, sahiblərinin əlindən qaçmış və ya qəsdən tərk edilmiş ev heyvanlarıdır.
Məqalədə qeyd olunur ki, dünyada 4 mindən çox ilan növü mövcuddur və onların təxminən 600-ü zəhərlidir. Bu növlərin yalnız yarısının zəhəri insan üçün ölümcül hesab olunur. Bununla yanaşı, zəhərsiz ilanlardan da ehtiyatlı olmaq tövsiyə edilir. Məsələn, boa ilanları zəhərsiz olsalar da, çox iri ölçülərə çata bilir, yaşıl anakonda isə ovunu bütöv şəkildə uda bilir. Alimlərin məlumatına görə, qara mamba açıq ərazidə saatda 15 kilometrədək sürət yığa bilir.
Samir


