Masazır kəndində yolun hərəkət hissəsində qapağı olmayan baxış quyusu avtomobillərin hərəkəti üçün ciddi təhlükə yaradıb. Hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, gün ərzində çoxsaylı avtomobil quyuya düşür.
"Avtomobilimin qabaq təkəri quyuya düşdü. Ətrafdakı insanların köməyi ilə maşını oradan çıxardıq", - deyə sürücülərdən biri qeyd edib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Masazırda Əliağa Vahid küçəsində yolun hərəkət hissəsində yerləşən baxış quyusunun qapağının olmaması ilə bağlı daxil olan müraciət Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən operativ şəkildə araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda baxış quyusunun qapağının naməlum səbəbdən yerində olmaması müəyyən edilib.
Qurumdan qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanlarına araşdırma aparılması məqsədilə məlumat verilib və baxış quyusunun qapağı qısa müddətdə yenisi ilə əvəz olunub.


