Astronavtlıq bitdi, məşhurluq başladı: Yeni nəsl daha çox sosial media fenomeni olmaq istəyir

SOSİAL
18:59 / 30.06.2026
38

ABŞ və Norveçdə aparılan genişmiqyaslı araşdırma göstərib ki, müasir dövrdə uşaq və yeniyetmələrin peşə seçimində sosial media əsas rol oynamağa başlayıb. Tədqiqatın nəticələrinə görə, orta və yuxarı sinif şagirdlərinin təxminən 60 faizi gələcəkdə influencer (sosial media fenomeni) olmaq istəyir və ya peşə seçimini sosial şəbəkələrdə gördüyü məzmun əsasında formalaşdırır.

HİT.az xəbər verir ki, araşdırma zamanı alimləri ən çox təəccübləndirən məqamlardan biri isə bəzi uşaqların gələcək peşələri barədə sorğu zamanı söz yazmaq əvəzinə birbaşa "TikTok" və ya "YouTube" loqolarını çəkməsi olub.

Mütəxəssislərin fikrincə, rəqəmsal texnologiyalar mühitində böyüyən yeni nəsil üçün sosial media fenomeni olmaq məşhurluq və yüksək gəlirlə eyniləşdirilir. Yaşı daha böyük olan şagirdlər arasında elektrik, mühəndis, müəllim və ya qaynaqçı kimi ənənəvi peşələri seçənlərə rast gəlinsə də, fenomen olmaq arzusu demək olar ki, bütün yaş qruplarında geniş yayılıb.

Araşdırmada iştirak edən bəzi şagirdlər özlərini ictimaiyyət qarşısında təsəvvür etməsələr də, gələcək peşələrini seçərkən sosial mediada izlədikləri məzmunlardan ilham aldıqlarını bildiriblər. Siyahıda fenomenliklə yanaşı, futbolçu, musiqiçi, aktyor və hətta şahzadə olmaq kimi arzular da yer alıb.

Tədqiqat ABŞ-da 2021-ci ildən, Norveçdə isə 2024-cü ildən aparılır. Son mərhələdə ABŞ-ın Viskonsin ştatında 7–11 yaş arasında 80 uşaq və 140 orta və yuxarı sinif şagirdi ilə, Norveçdə isə 60-dan çox məktəbli ilə müsahibələr keçirilib.

İştirakçılardan "Böyüyəndə ... olmaq istəyirəm" cümləsini tamamlamaları və bu peşə haqqında haradan məlumat aldıqlarını demələri istənilib. Nəticələr göstərib ki, müxtəlif qitələrdə yaşayan uşaqların gələcəklə bağlı təsəvvürləri böyük ölçüdə oxşardır.

Tədqiqatın müəlliflərindən biri, Viskonsin Universitetinin professoru Metyu Simono bildirib ki, Norveçdə ikinci sinif şagirdi ilə Viskonsindəki həmyaşıdı eyni suala cavab olaraq "YouTube" loqosu çəkib. Onun sözlərinə görə, bəzi yeddi yaşlı uşaqlar fenomenlərin nə iş gördüyünü tam anlamasalar belə, sadəcə "influencer" statusuna sahib olmaq istəyirlər.

Bununla yanaşı, tədqiqat müəllifləri sosial medianın həmişə mənfi təsir göstərmədiyini də qeyd edirlər. Məsələn, okeandan təxminən 2 min kilometr uzaqda yaşayan bir məktəbli internetdə izlədiyi videolardan ilham alaraq dəniz bioloqu olmaq qərarına gəldiyini bildirib.

Lakin alimlər xəbərdarlıq edirlər ki, şöhrətə əsaslanan peşə gözləntiləri gələcəkdə məyusluq yarada bilər. Məlumata görə, ABŞ-da böyük izləyici auditoriyasına malik məzmun istehsalçılarının yarıdan çoxunun illik gəliri 15 min ABŞ dollarından aşağıdır.

Araşdırmada məktəblərdə tətbiq olunan peşəyönümü proqramları da tənqid olunub. Bildirilir ki, mövcud sorğular əsasən mühasib və ya elektrik kimi ənənəvi peşələri əhatə edir, rəqəmsal peşələr isə nəzərə alınmır. Respondentlərin sözlərinə görə, bu testlər onların maraqlarını əks etdirmir və faydasız görünür.

Məqalədə nümunə kimi qeyd olunur ki, tibb bacısı fakültəsinə qəbul olunmuş bir tələbəyə məktəbin peşə yönləndirmə sorğusunun nəticəsində yük avtomobili sürücüsü peşəsi tövsiyə edilib. Tədqiqat müəlliflərinin fikrincə, təhsil sistemi müasir əmək bazarındakı dəyişikliklərə uyğun yenilənmədiyi təqdirdə, uşaqların peşə seçimində sosial medianın təsiri artmaqda davam edəcək.

Samir
 

0