"F-22 Raptor"u radarla görmək üçün düşmən təyyarəsi nə qədər yaxınlaşmalıdır?

DÜNYA
18:20 / 30.06.2026
34

ABŞ-ın beşinci nəsil "F-22 Raptor" qırıcısı o qədər aşağı radar görünürlüğünə malikdir ki, düşmən radarları onu sabit şəkildə yalnız təxminən 20–30 kilometr məsafədən aşkarlaya bilir. 

HİT.az xəbər verir ki, bu barədə təyyarənin texniki xüsusiyyətlərinə dair qiymətləndirmələrə istinadən "Wionews" məlumat yayıb.

Məlumata görə, "F-22"nin effektiv radar əks etdirmə sahəsi (Radar Cross Section – RCS) təxminən 0,0001 kvadratmetr təşkil edir. Bu göstərici o qədər aşağıdır ki, təyyarə radar ekranında kiçik obyekt və ya hətta fon səs-küyü kimi görünə bilər. Bu isə onun müəyyən edilməsini və izlənilməsini xeyli çətinləşdirir.

Nəşrin yazdığına görə, dördüncü nəsil müasir qırıcılar, o cümlədən Rusiyanın "Su-35" təyyarəsi "F-22"nin "stealth" konstruksiyası səbəbindən onu uzaq məsafədən etibarlı şəkildə izləyə bilmir və yalnız 20–30 kilometr məsafəyə yaxınlaşdıqdan sonra sabit müşahidə imkanı əldə edir.

Bunun əvəzində "F-22" "AN/APG-77" radarı vasitəsilə hava hədəflərini 200 kilometrdən artıq məsafədə aşkarlaya bilir. Təyyarə həmçinin "AIM-120D AMRAAM" raketlərini təxminən 100 kilometr məsafədən tətbiq etmək imkanına malikdir. Bu da ona rəqibini özü aşkarlanmadan əvvəl hədəfə almaq üstünlüyü verir.

Məqalədə qeyd olunur ki, infraqırmızı istilik aşkarlama sistemləri mühərrikin istilik izi vasitəsilə "F-22"ni təxminən 50 kilometr məsafədən müəyyən edə bilər. Lakin belə məlumatlar raketlərin dəqiq yönləndirilməsi üçün hər zaman kifayət etmir.

Bununla yanaşı, "F-22"nin aşağı radar görünürlüğü onun konfiqurasiyasından da asılıdır. Xarici yanacaq çənləri və ya xarici asqıda silahların daşınması təyyarənin radar görünürlüğünü əhəmiyyətli dərəcədə artıra bilər.

Qeyd edək ki, məqalədə göstərilən məsafələr açıq mənbələrdə dərc olunmuş texniki qiymətləndirmələrə əsaslanır. "F-22 Raptor"un real döyüş şəraitində aşkarlanma göstəriciləri rəsmi şəkildə açıqlanmır və istifadə olunan radarın növü, tezlik diapazonu, hava şəraiti və taktiki vəziyyət kimi amillərdən asılı olaraq dəyişə bilər.

Samir
 

0