Tülküyə bənzəyən və alma ilə qidalanan qeyri-adi canavarlar vəhşi təbiətə buraxılacaq

DÜNYA
23:13 / 30.06.2026
46

Argentinada nəsli kəsilmək təhlükəsi ilə üzləşən yallı canavarların (maned wolf, Chrysocyon brachyurus) sayını artırmaq məqsədilə əsirlikdə böyüdülmüş fərdlərin vəhşi təbiətə buraxılması planlaşdırılır. 

HİT.az xəbər verir ki, bu barədə "zielona.interia.pl" nəşri məlumat yayıb.

Yallı canavarlar Braziliya, Paraqvay, Boliviya və Argentinanın pampalarında – geniş otlaq düzənliklərində yaşayır. Onlar Cənubi Amerikada itkimilər fəsiləsinin ən iri nümayəndəsi hesab olunur və qitənin pleystosen dövründən qalmış relikt növü sayılır. Qırmızımtıl rəngli xəzləri, bel hissəsindəki tünd yalı və uzunburun quruluşu səbəbindən xarici görünüşcə tülkünü xatırladırlar.

Uzun ayaqları bu heyvanlara gəmiriciləri, quşları, dovşanakimiləri, kərtənkələləri və digər kiçik heyvanları ovlamağa kömək edir.

Bu növün ən maraqlı xüsusiyyətlərindən biri isə qidalanma vərdişidir. Yallı canavarlar "canavar alması" kimi tanınan *lobeira* meyvəsini müntəzəm olaraq yeyirlər. Bu meyvə onlar üçün yalnız qida deyil, həm də təbii müalicə vasitəsi hesab olunur. Bildirilir ki, *lobeira* böyrəklərin fəaliyyətini stimullaşdırır, eyni zamanda canavarlar onun toxumlarını yayaraq bitkinin çoxalmasına kömək edirlər.

Məqalədə qeyd olunur ki, Cənubi Amerikada bu növün ümumi sayı bir neçə min fərd olsa da, son on ildə yaşayış mühitinin insan fəaliyyəti nəticəsində məhv edilməsi səbəbindən populyasiya davamlı şəkildə azalır.

Uruqvayda yallı canavarların nəsli artıq tamamilə kəsilib. Paraqvayda isə təxminən 800 fərdin qaldığı və vəziyyətin çətin olsa da, nisbətən sabit olduğu bildirilir.

Argentinada vəziyyət daha ağır qiymətləndirilir. Ölkədə cəmi 660 yallı canavarın qaldığı, onların təxminən 487-nin çoxalma qabiliyyətinə malik yetkin fərdlər olduğu qeyd edilir. Bu növ əsasən ölkənin şimal və mərkəzi bölgələrində yayılıb, cənub hissəsində isə yox olmaq həddinə çatıb.

Bu səbəbdən Argentina hökuməti və mütəxəssislər populyasiyanın bərpası proqramını həyata keçirirlər. Layihə çərçivəsində anaları öldükdən sonra xilas edilən və insanlar tərəfindən böyüdülən yallı canavarlar vəhşi təbiətə buraxılacaq. Onların iyul ayında Korryentes əyalətində yerləşən İbera Milli Parkında təbiətə qaytarılması planlaşdırılır.

Samir
 

0