Bakıda Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

ÖLKƏ
20:27 / 03.06.2021
851

Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirib.

Müdafiə Nazirliyindən Hİt.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev lektoriyasında təşkil edilən "Azərbaycan yalnız deyil!” adlı fotosərgi ilə tanış olub.

Sərgidə Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığını, iki dövlət, bir millətin ordularının əməkdaşlığını əks etdirən fotolar və "Qarabağın səsi” videoçarxı tədbir iştirakçılarında böyük maraq oyadıb.

Qonaqlara Müdafiə Nazirliyinin nəşri olan "Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi” və "Vətən müharibəsi şəhidləri” adlı kitabların nüsxələri hədiyyə edilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən iclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub. Sonra iclas yardımçı işçi qruplarda davam edib.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

0