“Azərbaycanda sənədli film tam yox olmayıb, amma əvvəlki kimi canlı və inkişaf edən sənət sahəsi olaraq da görünmür”.
Bu sözləri Hit.az-a açıqlamasında Xpress.az saytının təsisçisi, sənətşünas Xəyalə Rəis deyib.
O bildirib ki, sənədli filmlər daha çox rəsmi layihələr və sifarişlər çərçivəsində qalır:
“Ona görə də sənədli film çox vaxt düşünən, araşdıran və sual verən bir sənət yox, sadəcə hadisəni “qeyd edən” bir formaya çevrilib. Bunun bir neçə əsas səbəbi var. Əvvəla, kino sahəsi güclü bir bazar kimi işləmədiyi üçün sənədli film çəkənlər də sabit gəlir və dəstək tapa bilmir. Sənədli film pul qazandırmayan sahə olduğu üçün özəl sektor da bu işə çox girmir”.
Ekspert həmçinin qeyd edib ki, çəkilən sənədli filmlərin göstəriləcəyi geniş mühit yoxdur:
“Televiziyalarda bu tip filmlərə az yer verilir, festivallar və platformalar da kifayət qədər inkişaf etməyib. Ona görə də film çəkilsə belə, geniş tamaşaçıya çatmır. Bundan başqa, sənədli filmlərə yanaşma çox vaxt “rəsmi hadisəni göstərmək” kimi olur. Yəni yaradıcı və tənqidi baxışdan çox, hazır fikri təsdiqləmək məqsədi güdülür. Halbuki dünyada sənədli kino daha çox insan hekayələri, problem və suallar üzərində qurulur”.
Sənətşünasın sözlərinə görə, rejissorlar sənədli film çəkərkən daha çox rəsmi mövzulara üstünlük verirlər:
“Sənədli film isə təbiətcə daha açıq, bəzən narahat suallar verən sənətdir. Bu səbəbdən onun sərbəst inkişafı çətinləşir. Qarabağ mövzusu buna yaxşı nümunədir. Böyük və vacib mövzu olmasına baxmayaraq, çox vaxt dərindən araşdırılan filmlər yox, daha çox qısa və rəsmi xarakterli işlər görürük.
Halbuki bu mövzuda insanların şəxsi hekayələri kimi çox güclü mövzular var. Ümumilikdə problem odur ki, sənədli film üçün material və mövzu var, amma onu güclü filmə çevirən yaradıcı mühit kifayət qədər inkişaf etməyib”.
Elmir Mustafa



