ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisi adlı səhrada qəribə bir yer var. Orada ağır daşlar öz-özünə yer dəyişir və qurumuş palçıq üzərində uzun izlər buraxır. Bu hadisənin necə baş verdiyini uzun illər heç kim izah edə bilmirdi.
HİT.az xəbər verir ki, "Space Daily" nəşri mümkün izahı açıqlayıb.
Təsəvvür edin: düz və quru bir göl dibi, onun üzərində isə daşların sürüklənmə izləri uzanır – bəziləri 200 metrdən də uzundur. Daşlar həmin izlərin sonunda yerləşir. Onları heç kim itələməyib. Heç kim daşların hərəkətini görməyib. Sadəcə bir yerdə durublar və birdən başqa yerə düşüblər.
Alimlər 1948-ci ildən bu mövzuda mübahisə edirdilər. Bəziləri bunu güclü küləklə izah edirdi, digərləri isə daşların buzun içinə donaraq buzla birlikdə sürüşdüyünü düşünürdü.
Lakin bunu yoxlamaq mümkün olmurdu – indiyə qədər heç kim daşların hərəkətini canlı görməmişdi.
2013-cü ildə tədqiqatçılar gölün dibinə GPS izləyiciləri olan 15 daş yerləşdirdilər və ətrafda kameralar quraşdırdılar. Həmin qış isə uğurlu oldu.
Alimlərin sözlərinə görə, yağışlardan sonra gölün dibində az dərinlikdə – təxminən ayaq biləyinə qədər su yığıldı. Gecələr bu su donurdu. Səhərlər günəş buz qatını əridirdi və buz böyük, şüşə kimi parçalara bölünürdü. Ardınca isə yüngül bir külək bu buz parçalarını su üzərində hərəkət etdirirdi. Buz parçası daşa toxunduqda isə onu irəli itələyirdi.
Ən təəccüblü məqam budur ki, bunun üçün güclü fırtına lazım deyil. Külək çox zəif olurdu, insan bunu hiss belə etməzdi. Buz isə kağız vərəqi qalınlığında idi. Buna baxmayaraq, daşlar hərəkət edirdi – yavaş, amma davamlı şəkildə.
Qeydə alınıb ki, bir daş 16 dəqiqəyə 65 metr sürüşüb. Digəri isə bir qış ərzində 224 metr məsafə qət edib.
Niyə bunu əvvəl görmürdülər? Tədqiqat göstərir ki, proses suyun və buzun altında baş verirdi və demək olar ki, görünməz idi. Palçıq üzərindəki izlər isə su çəkiləndən sonra qalırdı və elə görünürdü ki, daşlar “öz-özünə” hərəkət edib.
Samir


