Bakının su dərdi...

SOSİAL
11:06 / 22.06.2026
190

Yay fəsli Bakıya təkcə isti hava gətirmir, eyni zamanda bir çox kənd və qəsəbədə su problemini də daha qabarıq şəkildə üzə çıxarır. 

Temperaturun artması ilə suya tələbat yüksəlir, lakin bəzi ərazilərdə su təminatı bu tələbatı qarşılaya bilmir. Nəticədə sakinlər susuzluqla üz-üzə qalır, bəzi yaşayış məntəqələri isə sözün həqiqi mənasında səhranı xatırladan vəziyyətə düşür.

Bu hal demək olar ki, paytaxt Bakının əksər ərazilərində müşahidə olunur. Əsasən Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Binəqədi rayonlarında, Yeni Ramana, Zabrat, Xırdalan, Hövsan və digər ərazilərdə 4-5 gündür su gəlmir. Sosial şəbəkəyə nəzər yetirmək kifayət edir ki, insanların su ilə bağlı narazılığının şahidi olaq.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir ki, mövsüm keçidi ilə əlaqədar su təchizatı sistemində bərpa və yenilənmə işləri aparılır: “Həyata keçirilən işlərlə əlaqədar bəzi ərazilərdə su təchizatı rejimində müvəqqəti olaraq iki saatlıq məhdudiyyətlər tətbiq edilir”.

Məlumatda qeyd edilir ki, bəzi ərazilərdə iki saatlıq məhdudiyyət tətbiq olunacaq. Ancaq iki saatlıq məhdudiyyət artıq 4 gündür ki, davam edir, heç 2 dəqiqə belə krandan su gəlməyib.

Maraqlıdır, su problemi niyə hər il məhz yayda kəskinləşir? Bu il ölkə üzrə normadan artıq yağış yağıb, rəsmi qurumlar isə su ehtiyatlarının kifayət etdiyini açıqlayıblar. Ancaq yay gələn kimi Bakı yenidən susuzluq kabusu ilə üzləşdi. Bu vəziyyət davam edərsə, paytaxtın bəzi əraziləri həqiqətən də susuz səhranı xatırladacaq...

Günel Cəlilova

0