Ortaq türk əlifbası: “Xalqlarının dillərini bir-birinə daha da yaxınlaşdıracaq”

ÖLKƏ
12:56 / 19.06.2026
206

Türk Akademiyası tərəfindən təşkil olunan və Türk Dilçilik Birliyi ilə əməkdaşlıq şəraitində keçirilən Ortaq Türk Əlifbası Komissiyasının dördüncü toplantısı Astanada baş tutub. 

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn komissiya üzvləri ilə yanaşı, öz ölkələrində dil siyasətinə məsul dövlət qurumlarını təmsil edən və müşahidəçi qismində iştirak edən nümayəndələr də yer alıblar. 

Qeyd edək ki, görüşün yekununda Ortaq Türk Əlifbasının tətbiqinə dəstək verən birgə Bəyannamə imzalanıb. Əsas qərarlardan biri isə əlifbanın tətbiqi üçün metodiki təlimatların hazırlanması və həmçinin Ortaq Türk Əlifbası əsasında formalaşdırılmış Qazaxıstan və Qırğızıstan əlifbalarının tövsiyə olunan variantlarının təsdiqlənməsi olub.

Ortaq türk əlifbasının əhəmiyyəti haqqında Hit.az-a danışan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri Faiq Ələkbərli deyib ki, türk xalqları üçün ortaq türk əlifbasının müəyyənləşdirilməsi onların daha da yaxınlaşmasına səbəb olacaq:

402191

“Bu yaxınlaşma yalnız siyasi və iqtisadi münasibətlərin inkişafı ilə məhdudlaşmır, həm də mühüm mədəni prosesdir. Bu səbəbdən tarixən biz eyni mədəniyyəti, eyni fəlsəfəni və eyni ədəbiyyatı formalaşdırmışıq”.

F. Ələkbərli hesab edir ki, ortaq türk əlifbasının formalaşması ədəbiyyatın və mədəniyyətin inkişafına, eləcə də yeni nəsillərin vahid əlifba əsasında yetişməsinə şərait yaradacaq:

“Ortaq türk əlifbası türk xalqlarının dillərini də bir-birinə daha da yaxınlaşdıracaq. Bu isə gələcəkdə onların digər sahələrdə də uğurlar əldə etməsinə zəmin yaradır”.

Günel Cəlilova

0