Son günlərdə Ebola virusu ilə bağlı qorxulu proqnozlar səsləndirilir.
Belə ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri Şərqi Afrikada sürətlə yayılan Ebola epidemiyasının tarixdə ən ölümcül yoluxma dalğasına çevrilmə ehtimalı barədə xəbərdarlıq edib. Üstəlik, maliyyə çatışmazlığı, silahlı münaqişələr və səhiyyə sistemindəki problemlər səbəbindən virusun nəzarətdən çıxma ehtimalının yüksək olduğu deyilir.
Qeyd edək ki, hazırda Ebola virusunun “Bundibuqyo” ştammı yayılıb. Onun ölüm faizi isə 30-50 faiz təşkil edir. Bu da vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da fövqəladə vəziyyət elan edib.
Maraqlıdır, Ebola virusu nəzarətdən çıxaraq koronavirus kimi pandemiyaya səbəb ola bilərmi?
Mövzu ilə bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib.
O bildirib ki, Ebola virusu COVID-19 kimi pandemiya yaratmaq potensialına malik deyil:
“Nəzərə almaq lazımdır ki, Ebola virusu ilkin olaraq hava-damcı yolu ilə yayılmır. İnfeksiyanın əsas ötürülmə yolu qan və bədən mayeləridir. Üstəlik, insan virusa yoluxduqdan sonra dərhal yoluxdurucu olmur. O, yalnız simptomlar başlayandan sonra virusu başqalarına ötürə bilir”.
Həkim diqqətə çatdırıb ki, adıçəkilən virusa yoluxmuş şəxslərdə simptomlar üzə çıxan kimi onları dərhal təcrid etmək mümkün olur:
“Hansı ki, bu xəstəlik olduqca tez ağırlaşır. Bu da xəstəliyin yayılma riskinin qarşısını sürətlə almağa kömək edir. Ümumiyyətlə, Ebolanın yayılma dinamikası orta səviyyədə qiymətləndirilir.
Bundan başqa, inkubasiya dövründə səssiz yayılma (simptomsuz yoluxdurma) xüsusiyyətinə də malik deyil. Əlbəttə ki, bu amillərə rəğmən risk heç vaxt tam sıfıra enmir. Lakin koronavirusla müqayisə etdikdə, Ebola virusunun pandemiya yaratma riski olduqca aşağıdır”.
Pərviz



