Almaniyada əhalinin qocalması fonunda pensiya sisteminin dayanıqlığını təmin etmək məqsədilə pensiya yaşının mərhələli şəkildə təxminən 70 yaşa qədər artırılması təklif edilib. Bu təşəbbüs Almaniya kansleri Fridrix Merz tərəfindən dəstəklənib.
HİT.az xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, pensiya sisteminin islahatı üzrə yaradılmış ekspert komissiyası pensiya yaşının gözlənilən ömür uzunluğunun artımı ilə əlaqələndirilməsini və erkən pensiyaya çıxmaq imkanının ləğv edilməsini tövsiyə edib.
“Heç bir vətəndaş narahat olmamalıdır”, deyə Fridrix Merz bildirib.
Onun sözlərinə görə, təklif olunan tədbirlər həddindən artıq yüklənmiş pensiya sisteminin çöküşünün qarşısını almağa və nəsillər arasında sosial müqaviləni gücləndirməyə kömək edəcək. Kansler hesab edir ki, islahat gənc nəslin üzərindəki böyük maliyyə yükünü azaldacaq və onlara gələcəyə daha nikbin baxmaq imkanı verəcək.
Ekspert komissiyası yanvar ayından etibarən gündəlik uzunmüddətli iclaslar keçirərək təkliflər üzərində işləyib. Nəticədə 33 bənddən ibarət islahat paketi təqdim olunub.
Əsas təkliflərdən biri işçilər və işəgötürənlər tərəfindən ödənilən məcburi pensiya haqlarının fond bazarına yönləndirilməsidir. Məqsəd gələcək nəsillər üçün pensiya fondunun dəyərini artırmaq və qorumaqdır.
Bundan əlavə, dövlət qulluqçularının və fərdi sahibkarların da məcburi pensiya sığortası sisteminə cəlb olunması təklif edilir.
Hazırda Almaniyada 2030-cu illərin əvvəlində pensiyaya çıxacaq şəxslər üçün pensiya yaşı 67-dir. Bu göstərici təxminən 20 il əvvəl müəyyənləşdirilib.
Komissiyanın rəyinə görə, gözlənilən ömür uzunluğu artdıqca pensiya yaşı da mərhələli şəkildə artırılmalı və 2090-cı illərin əvvəllərində təxminən 70 yaşa çatmalıdır.
Almaniya dünyanın ən sürətlə qocalan ölkələrindən biri hesab olunur. Bir çox Qərb ölkələri kimi Almaniya da işləyən insanların sayının azalması və daha uzun yaşayan pensiyaçıların sayının artması səbəbindən pensiya sisteminin maliyyə dayanıqlığı ilə bağlı problemlərlə üzləşir.
Almaniya hökuməti islahat paketini gələn ay parlamentin yay tətilinə qədər qəbul etməyə ümid edir. Bununla belə, layihə əvvəlcə parlamentdə müzakirə olunmalı və səsverməyə çıxarılmalıdır.
Fridrix Merz bildirib ki, paketin bütün elementləri mümkün qədər tez həyata keçirilməlidir.
Ən çox müzakirə doğuran məsələlərdən biri 45 illik əmək stajı olan şəxslərin 63 yaşında pensiyaya çıxmaq hüququnun ləğvi ilə bağlıdır. Hazırda həmin şəxslər pensiya ödənişlərində azalma olmadan erkən pensiyaya çıxa bilirlər.
Tənqidçilər hesab edirlər ki, bu dəyişiklik xüsusilə tikinti işçiləri, baxıcılar və digər fiziki cəhətdən ağır peşələrdə çalışan aşağı gəlirli insanlar üçün mənfi nəticələr doğura bilər. Ekspertlər isə bildirirlər ki, mövcud sistemdən əsasən yüksək maaşlı və fasiləsiz əmək fəaliyyəti olan kişilər daha çox faydalanıblar.
2024-cü ilin rəsmi statistikasına görə, Almaniyada 65 yaş və daha yuxarı şəxslərin sayı 19 milyona çatıb ki, bu da ölkə əhalisinin təxminən 23 faizini təşkil edir. Müqayisə üçün qeyd olunur ki, 1991-ci ildə bu göstərici 15 faiz idi. Ölkədə orta ömür uzunluğu kişilər üçün 78,5 il, qadınlar üçün isə 83,2 il təşkil edir.
İslahatın tənqidçiləri pensiya sisteminin fond bazarından daha çox asılı vəziyyətə salınmasını riskli hesab edirlər. Onların fikrincə, iqtisadi artımın zəif olduğu dövrlərdə bu yanaşma əlavə qeyri-sabitlik yarada bilər.
Samir

