“Peşəkar psixoloq fikir cərrahıdır” - Psixoloq Rövşən Nəcəfov

ÖLKƏ
18:11 / 29.07.2022
935

Azərbaycanda psixoloji xidmət ən bahalı sahələrdən biri kimi özünü göstərir. Bu gün nəinki ölkəmizdə, eləcə də bütün dünyada psixoloqa ciddi ehtiyac duyanların sayı günü-gündən artmaqdadır. Onu da deyək ki, əksər ölkələrdə psixoloji xidmət bahalı sahələrdən biridir. Bu da ondan irəli gəlir ki, bu sahəyə tələbat böyükdür.

Ölkəmizdə demək olar hər addımbaşı psixoloq kabinetlərinə, psixoloji xidmət mərkəzlərinə rast gəlirik. Özünə "psixoloq” deyənlərin sayı da kifayət qədərdir. Kənardan baxanda belə görünür ki, sanki bəzi adamlar bu sahəyə məhz pul qazanmaq naminə gəlib. Faktdır ki, Azərbaycanda psixoloqların konsultasiya qiyməti çox bahadır. Qiymətlər 40-50 manatdan başlayır, 300-400 manatda bitir. Bəziləri bir seans üçün 80-100 manat alır, hətta bir seansa 400 manat alan psixoloqlar da var.

Bəziləri iddia edir ki, psixoloqların qəbul qiymətlərinin baha olmasının səbəbi bu sahə mütəxəssislərinə daha çox imkanlı adamların müraciət etməsi ilə bağlıdır. Azərbaycanda kasıblar psixoloqa getmirlərmi?

Mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfov "Yeni Müsavat”a bunları şərh edib: "Hər bir insan həyatının müxtəlif dövrlərində mənəvi böhranlar yaşayır. Baş vermiş hadisələr arasında əlaqə yaratmaq və səbəbini müəyyən etmək üçün çətinliklər də ola bilər. İnsan həyatında düzgün qərarlar verməyə və ya qərarlarını dəyişməyə qorxa bilər. Cəmiyyətdə formalaşmış stereotiplərdən biri də psixoloqa getməyin dəlilik əlaməti olduğudur. İnsanlar psixoloq yanına getməyi, psixoterapiya seanslarında iştirak etdiyinə görə qınaq obyektinə çevriləcəyindən qorxur. Demək istədiyim odur ki, psixoloq yanına getmək dəlilik əlaməti deyil. Psixoloqun işi dinləməkdən ibarət deyil. Pasiyentin mənfi emosiyalarını səbirlə dinləmək psixoloq peşəsinin göstəricisi deyil. Kimsənin səbirli və dinləyicilik qabiliyyəti yüksəkdirsə, o demək deyil ki, həmin "kimsə” psixoloq peşəsində uğurlu olacaq. Psixodiaqnostika, psixoprofilaktika, psixoloji testlər, psixoterapiyalar və psixoloji keyslər kimi nəzəriyyəyə söykənən təcrübi metodlar mövcuddur. Peşəkar psixoloq fikir cərrahıdır. İnsanlar psixoloqa ona görə müraciətə edirlər ki, fikirlərində təmirə və yenidən inşaya ehtiyac duyurlar".

Nəcəfov əlavə edib ki, dünyada elmin və təhsilin inkişafı psixologiya sahəsinin insanlar üçün nə qədər vacib olduğunu da göstərmiş oldu: "Bəzən insan zehni ətrafda baş verən hadisələrə münasibət bildirərkən subyektiv və obyektivliyin müqayisəsini itirir. Qərarlarında narahatlıq keçirən insanlar psixoloqlara müraciət edərək, şəxsi, iş həyatlarında və təhsil həyatlarındakı problemlərin həlli istiqamətində çıxış yolları axtarırlar. Psixologiya insan həyatında bələdçi rolundadır. Psixologiya şəxsin davranışlarına obyektiv münasibət bildirir. Bəzən şəxslər "İnsan özünün psixoloqudur” ifadəsini işlədirlər. O zaman heç bir sahədə peşəkara müraciət etmədən həyatımızla bağlı qərarlar verək. İnsan özünün psixoloqu olarsa, tərəf tutmuş olacaq, yəni hadisəyə obyektiv yanaşa bilməyəcək. Müxtəlif peşələrin yaranması və inkişaf etməsi insanların ehtiyaclarından formalaşır. Psixologiya insan orqanizminin ən ali orqanı olan beynin ehtiyacıdır.

İnsanların davranışları zamana və məkana bağlıdır. İnsan psixologiyası şüur və alt şüurdan ibarətdir. İnsanın şüuru və alt şüuru hər zaman aktiv işləyir. Beynimizin nəyi saxlayıb, nəyi sildiyini və nəyi gizlətdiyini bilmədən həyatımıza davam edirik. Həyatımızda baş verən elə hadisələr var ki, bizə dərindən təsir edir və uzun müddət baş vermiş hadisə bizim kölgəmizə çevrilir. İnsanın alt şüuru unutduğumuz hadisələri qeyd etməyə davam edir. Mənəvi cəhətdən təsirlənmədiyimizi düşündüyümüz bir çox hallar bəzən travmatik nəticələrə səbəb ola bilər. Zaman keçdikcə psixologiyamız hadisələrə reaksiya verməyə başlayır. Fiziki cəhətdən sağlam olduğumuz kimi, mənəvi cəhətdən də buna ehtiyac var. Psixoloji konsultasiya zamanı məqsəd pasiyentin psixoloqun rəhbərliyinə məcbur olması deyil. Əksinə, psixoloji dəstəyin məqsədi şəxsin psixoloqa müraciət etməsinə səbəb olan əsas problemlərin kökünü müəyyən etməkdir. Yaranmış problemlərdən çıxmaq üçün tərəfsiz maarifləndirməkdir”.

"İnsan öz peşəsinin müqəddəsliyinə inanmalıdır. Hansı sahədə olmaqdan asılı olmayaraq, insan əmək fəaliyyətində mənəviyyatını qoruyub saxlamalıdır. Psixologiya fəaliyyəti həssas olduğu üçün peşəkarlıq və mənəviyyatın ali olması vacibdir. Hər hansısa xidmətin qiymətləndirilməsi əhalinin həmin xidmətə münasibətindən asılıdır. Rəqabət və keyfiyyət bütün sahələri inkişafa aparır. Bəzən isə rəqabət və keyfiyyət adı altında insanların narazılıqlarını müşahidə edirik. Narazılıqların yaranmaması üçün insanlar hansı psixoloqa müraciət edəcəklərini əvvəlcədən araşdırmalıdırlar. Rəqəmsal dünyada yaşadığımız üçün mütəxəssis haqqında ilkin təəssüratın yaranmasında çətinliklər yoxdur. Psixoloqa müraciət edən şəxsin mütəxəssisdən təhsil bazasını tələb etmək haqqı var. Pasiyent öz psixikasını təslim edəcəyi psixoloqun peşəkarlığına əmin olmalıdır. Necə ki, digər hadisələrdə insanlar ən yaxşılarına, yəni, təhsil bazalarının güclü olduğuna əyani şəkildə əmin olduqları mütəxəssislərə müraciət edirlər. Sosial statusundan asılı olmayaraq insanlar istər fiziki, istərsə də mənəvi xəstəlikləri üçün peşəkar mütəxəssislərə müraciət etməlidirlər. Psixoloq digər peşə sahiblərinin həyatında bələdçi rolunu oynayır. Hər zaman şəxsin addımlarına obyektiv seçimlərin mövcudluğunu ifadə edir. Psixoloqun peşəkarlığı qiymətdən asılı deyil, təhsil bazasından və təcrübəsindən asılıdır”.

0