ÖLKƏ
12:05 / 23.08.2022
899

İnsanlığın əbədi üzü və yaxud Təsadüfün Təqdimatı - Aydın Can yazır

İndi... Lənkəranda külləndiyim dönəmdə... dostlar yenə də darıxmağa qoymur, arayır, kifayət qədər pozitiv təkliflər edirlər ki, fikrim qalsın.


Vəli Əkbər ziyalıların, şair-yazıçıların bədii portretlərini yaxşı qələmə almaq bacarığıma görə, Şəkiyə getməyi, həm Aydın Məmmədovdan, həm Vaqif Aslandan, həm də Kiş kəndindən gözəl bir əyalət yazısını məsləhət gördü! Təbii ki, yer-yurd məsələsi dostlarımızın boynunda idi: ya Murad, ya da Əfqan yardımçı olacaqdı!


Göydəndüşmə oldu: həm iki-üç gün Lənkərandan uzaqlaşacaqdım, onsuz da başdan-başa aqressiv notlar yaradan xəbərlərdən, statuslar yazmaqdan yorulmuşdum, həm də bir neçə dəfə olduğum Şəkidə - dəyərli torpaqda dəyərli insanları görüb dəyərli insanlardan yazacaqdım!
Və... üz tutdum Şəkiyə - altı-bazar özümü və oxucularımı sevindirəcək səfərə!


Üç “Ş”-nın yaratdığı Möcüzələr Diyarı və “brend” müraciət


Dayanıb bir dağ təki,


Dağlar qoynunda Şəki...


... yolboyu bu mahnını zümzümə edə-edə Şəkiyə çatıram!


“Şəki” mahnısı üç “Ş”-nın – Şıxəli Qurbanovun, Şəfiqə Axundovanın və Şövkət Ələkbərovanın yaratdığı şedevrdir: İctimai.TV-yə İsmayıl Ömərov dönəmindən minnətdaram – 2012-də türmədə olanda hər gün səhər İTV-dən bu mahnı səslənirdi! Qulaq asırdım və bu bircə beyt mənə stimul verirdi, motivasiya edirdi: “dayanıb bir dağ təki!!!”


Bəli, bəzən insan həm də dağ olmalıdır, şəhər olmalıdır, ölkə olmalıdır ki, növbəti addımı ata bilsin!


Azadlığa çııxandan sonra dəfələrlə və hətta kondinsiyalı vəziyyətdə Şəkiyə getməyimin səbəbi də bu idi: Murad, Əfqan qəfil qonaq yükümü çəkirdilər!


SÖZARASI: Moskvadan tanıdığım “şəkili” – Əfqan, Muraddan fərqli olaraq, jurnalist yox, sürücüdür. Sürücülər həm məkanları, həm də adamları yaxşı tanıyır. Bu dəfə Kişə getməyə, yerbəyer olmağa bələdçi kimi Əfqan daha sərfəli variant idi! – “Şəkili”, haindi çatmışam, budu burda, ağzının içindəyəm!


- Sən suya bas! Hardasan, burdasan?


İKİ HAŞİYƏ


çıxım biləsiniz:


1. Şəkidən kənarda bütün şəkililəri elə “şəkili” deyə çağırırlar, nadir hallarda öz adıyla, o da rəsmiyyət tələb edirsə, Şəkidə isə şəkililər özləri özlərini ayamalarıyla!


2. Şəkiyə həm Yevlax-Xaldan yoluyla getmək mənə ləzzət edir, həm də Qəbələ-Oğuz tərəfdən. Açığı, Lənkərandan birbaşa Şəkiyə çıxdığım üçün Yevlax-Xaldan yolunu seçdim – Qəbələ-Oğuz gözəlliyindən qayıdanda feyziyab olmağı məqbul saydım! Odur ki, “şəkili”nin sualına:
– SOCAR-ın yanacaqdoldurma məntəqəsində, - cavabını verdim!


YERİ GƏLMİŞKƏN: o boyda Şəkidə SOCAR-ın bir ədəd YDM-i var, o da nə şəhərdədi, nə kənddə, nə magistral yolun yaxınlığında! 30 km mərkəzdən aralı!


– Qoş naviqatoru, “Saray” otelə gəl. Qalmışam otelin qabağında!


SÖZARASI:  “Şəkili” Moskvada illər uzunu şahid olub – qrup yoldaşım Faiqin qardaşının kafesində stullar üstündə yatmağıma və Moskvadakı möhtəşəm azərbaycanlılardan yazmağıma! Şəkidə isə həmişə otel yeri soruşanda deyir ki, stullar üstündə yata bilirsən Mokvada, burda niyə otel bəs?


- “Şəkili”, vətəndən kənarda mühacir olaraq, daş üstə də yatmaq olar, nəinki stullar üstündə, vətəndə isə JURNALİST adını-imicini qorumaq lazımdır! Orda mən özümü, burda minlərlə imzanı təmsil edirəm!


“Saray” oteldə məni yerləşdirəndən sonra Əfqan məndən arxayın olub işinə davam edir: elə otelin qabağındaca “taksovat”lığına, yəni!


Vaqif Aslanla isə sabah saat 12-yə danışmışıq Kiş kəndində görüşməyimizi. Mənə kitablarını verəcək və söhbət edəcəkdik!


Vaqif Aslan Azərbaycan ədəbiyyatının, tarixinin qatı açılmamış, çox dəyərli imzalarındandır! Və... Vəli Əkbər hər görüşümüzdə, hər məclisdə ondan bir yarpaq çatdıranda, imkansızlığın üzünə tüpürürdüm ki, belə bir insanı-imzanı dinləyib, danışdırıb yaza bilməmişəm hələ də!
Və... Vaqif Aslan nə boyda nəhəng, humanist pedaqoq, nə boyda müqtədir imzadır, bunu haqqında yazacağım yazıdan görə bilərsiniz. Mən isə... elə ilk təmasdaca hiss etdim!


Necə?


Vaqif Aslanın özündən yazacağım yazıya təkcə öz imzamı qoyacaqqdım – bu, bəllidir! Amma Vaqif Aslan təyin etdiyimiz görüş vaxtı məni 400 tələbənin, 57 şəhid ailəsinin imzaladığı yazıya həmmüəllif etdi: bu, 37 illik jurnalistlik fəaliyyətimdə İLK BELƏ yazıdır! Üstəlik də bir seçki dairəsinin...


Vaqif Aslanla Kiş kəndində görüşdük! Görüşə tək gəlməmişdi: 10 şəhid anası, qardaşı, 1 qazi, kənd icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri! Vəəə...


– Vaqif müəllim, biz belə danışmamışdıq, mən tək sizinlə görüşəcəkdim axı, nə məsələdir? 10 şəhid anası, qardaşı, qazi, icra nümayəndəsi, bələdiyyə sədri, mən onları danışdırmağa hazır deyiləm axı...


- Gözlə, çayını iç! Sən sadəcə, otur, çay iç, onlar özləri bir azdan danışacaq, sən də özün bilərsən!


Bir azdan...   

    
Şəkinin deputatı, millət vəkili Cavanşir Feyziyev gəlir! Hamı səmimiyyətlə, sevinclə qarşılayır, xoş təbəssüm, ərkyana müraciət ortam ovqatını ehtizaza gətirir! Yavaşca Vaqif Aslana tərəf boylanıram:


- Aydın, sən Bakıda oturub Cavanşir Feyziyevdən məntiqə və statistikaya söykənib yazırdın, indi isə gözünlə gör!


Gördüm!


Gördüyümün BİRİNCİSİ o idi ki: Milli Məclis tam heyətdə məzuniyyətdədir! Deputatlar istirahətdə, orda-burda, yaylaqda, ailəvi istirahət mərkəzlərində, xaricdə və s. və s., Cavanşir Feyziyev isə... hətta Şəkinin istirahət yerində də yox, Kiş kəndindədir!


İKİNCİSİ:


Kiş kəndinin 10 şəhid ailəsi stol arxasında öz deputatını gözləyir və o deputat da... gəlir!
Cavanşir Feyziyev pozitiv notda söhbətə başlayır və dinləyirəm:


- Kiş kəndində əkin sahələri saxlamayıbsınız, hamısı həyətyanı torpaqdır, hamısı da evini tikib, qurtarıb, yəni torpaq, ev problemi yoxdur, indi deyin görək, başqa nə probleminiz var!?


ÜÇÜNCÜ gördüyüm: Şəki şəhidlərinin, indiki halda, Kiş kəndindən olanların analarını, atalarını, qardaşlarını dinləyəndə bədənim üşəndi: bu insanlar öz dərdlərini o qədər abırla, həyayla, o qədər səmimiyyətlə dilə gətirir, deyir ki, mümkün deyil ki, əlində səlahiyyət varsa, həll etməyəsən, əlində səlahiyyət və imkan yoxdursa, ayağa durub aidiyyatı şəxslərin qapısına gedib xahiş etməyəsən!


Mən Aydın Məmmədovun nəhəngliyinin, Vaqif Aslanın humanistliyinin, Cavanşir Feyziyevin mərhəmətinin və xeyirxahlığının nütfəsinin nədən qaynaqlandığına şahid oldum!


Məhz Kiş kəndinin şəhid analarına, qardaşlarına, qazilərinə görə deyə bilmək haqqı qazandım: Azərbaycanın heç bir yerində mən problemin həllini istəyən şəhid və qazi ailələrində bu ədəbi-ərkanı görmədim, problemi bu qədər abırla deyib, həlli yollarının çətinliyi və müddətinə bu qədər səbrlə yanaşıldığını görmədim! Problem varsa şəhid, qazi ailəsində, deputata, məmura püskürülən kindən adam dəhşətə gəlir, amma Kişdə deputata, məmura kinə, nifrətə “kiş-kiş” deyib də anlayışla yolunu, çözümünü tapırlar!


BİR FAKT DEYİM, həm gülün, həm də nəticə çıxarın:


Cavanşir müəllim Birinci Qarabağ Savaşında bir şəhid ailəsinə ikimərtəbə ev tikib, indi həmin şəhid anası deyir ki, qocalmışam, yuxarı-aşağı düşüb, qalxa bilmirəm, həyətdə mənə bir əldamı kimi tikməyə yardımçı olun! - əlbəttə ki, Cavanşir Feyziyev “bir dəfə etmişəm də, etmərəm” demədi, “boynumuzun borcudur” söylədi!


Qazi qardaşımız toyunu eləmək istəyir, 550 nəfər dəvət edib (beş yüz əlli nəfər e!!! – Lənkəranın icra başçısının müavinəsi oğluna toy elədi, hamı Başçıya və müavinəsinə yaltaqlanmaq üçün növbəyə durmuşdu, hətta onun toyuna 350 nəfər gəlmişdi!), yardım umur! - əlbəttə ki, Cavanşir Feyziyev demədi “olmadı ki”, “yardım edərik” söylədi!


VƏ... oktyabrın 21-də “Firuzə” şadlıq evində oğluna toy etmək istədiyini deyən imkansız, tək qalan şəhid anasının ziyafət xərcləri bütünlüklə qarşılandı!


BÜTÜN GÖRÜŞ boyu bir daha əmin oldum və içimdən keçdi ki: istəkləri, iradları, problemləri şəxsən özü dinləyən, yazan, qeydlər aparan Cavanşir Feyziyev (hərçənd köməkçiləri də dikrofonla, fotoaparatla, qeyd dəftərçələri ilə əldə-ayaqda idilər) ziyalının kübar davranış tərzini, əsl dövlət ərkanı etikasını, millət vəkilinin təmas estetikasını o qədər incəliklə nümayiş etdirdi ki, özümü güclə saxladım müdaxilə edib deyim:


- Sağ olun, cənab Feyziyev. Biz möhtərəm Prezidentimizə minnətdarıq! Minnətdarıq ki, Bizim yanımızda olanı Bizdən məhrum etmir, Bizim yanımızda olan həm də Onun etimadını doğruldur, Ona alqış elətdirir!


Dəfələrlə deputat seçilmək istəyənlərin seçki kampaniyasında, dəfələrlə deputat olanların seçicilərlə görüş zallarında olmuşam, inanın, heç bir halda bu qədər vəcdə gəlməmişəm, heç bir halda görməmişəm ki, kənd icra nümayəndəsi, kənd bələdiyyə sədri bu qədər narahat olsun!


Əksər kənd icra nümayəndələri, bələdiyyə sədrləri saxta yolla seçilən deputatların təklifi ilə vəzifədə qalıblar, vəzifə əldə ediblər seçki təbliğatçıları, vəkili kimi və görüşlər olanda həmin kənd icra nümayəndələri, kənd bələdiyyə sədrləri elə yalmanıb, yaltaqlıq ediblər ki, şitlikdən adamın əti tökülüb. Kiş kənd icra nümayəndəsi, kənd bələdiyyə sədri az qala məclisin (Milli) Məclis Üzvü olan iştirakçısından hesabat alırlarmış kimi idilər. Bərabərhüquqlu, tərəfdaş, hər kəsin vəzifə və səlahiyyətləri çərçivəsində performansı, qarşılıqlı hörmət!


Cənab Feyziyev deputat kimi hesabat verirdi!


Cənab Feyziyev millət vəkili kimi seçicini dinləyirdi!


Bir neçə saat çəkən bu görüşdə üzə çıxan faktları və onların konstatasiyasını çatdırmaqla, elə bilirəm ki, hər bir oxucu vicdanına söykənərək, etiraf edəcək və özünü xoşbəxt sayacaq:
Kişin azı yüz yaşına çatan 4 saylı məktəbinin direktoru artıq məktəb binasının istifadəyə tam yararsızlığını nəzərə çatdırır, xüsusilə vurğulayır ki, siz Aydın Məmmədov adına məktəbi yeniləşdirəndən sonra, ümidimiz Sizədir! Tədris problemləri də incəliklərinə qədər çözülür: 4 saylı məktəbdə ibtidai siniflərdən fransız dili keçən şagirdlər orta təhsilə davam etmək üçün qonşu məktəbə keçəndə ingilis dilini öyrənməyə məcburdurlar!


Bu arada minnətdarlıqla vurğulanır ki, Cavanşir Feyziyev fransızları da göndəribmiş bu kəndə şagirdlərə fransız dilini tədris etsinlər deyə - pandemiya layihəni dayandırmağa məcbur edib. Uzaq bir dağ kəndindəki uşaqlara - deputatı olduğun üçün, - fransız dilini fransızın özünün öyrətməyinəcən düşünməyin özü adamı ehtizaza gətirir: bu, bəlkə də Bakıdan, Moskvadan adi görünə bilər, amma axı... Şəkinin bir kəndində doğrudan da qürurvericidir!


Qürurverici həm də odur ki, bu uşaqlar onlara bu ehtirama, etimada və etibara sayğı ilə yanaşır, doğruldur və Kiş kəndindən olan uşaqlardan indi, hal-hazırda Fransada oxuyan tələbə var!


Kiş kəndindən indi hal-hazırda Prezident Aparatında işləyən var!


Bu kəndin 1 saylı orta məktəbindən Olimpiadalarda qızıl medal alan şagird var! Digər medalları alanlar da çoxdur! Bu kəndin Aydın Məmmədovu olması, Vaqif Aslanı olması, bu kəndin deputatının Cavanşir Feyziyev olması... stimuldur, motivasiyadır bu insanlara.


Əlbəttə ki, su bulandırmaq istəyənlər də var su bəhanəsiylə!


Seçiciyəm, - deyib, deputatsan, bilməlisən, eləməlisən, - tonu da istisna deyil. Amma cavab da cavab olmalıdır deputatdan:


- Şikayəti doğru ünvana edin! Sən kənd icra nümayəndəsinə deməli olduğunu Azərsudan istəyəndə, əlbəttə ki, nəticə olmayacaq. Azərsunun öz problemi, öz təsir və iş dairəsi var. İcra nümayəndəsi üz-üzə şikayətçinin problemini çözəndə məlum olur ki, heç problem də yox imiş – amma, tutaq ki, mən oturmuşam Bakıda, Kiş kəndindən kimsə zəng edir ki, deputat bizə baxmır, icra nümayəndəsi problemi həll eləmir, mən də efirə çıxıb tumanı çəkirəm başıma “allah allah” deyə-deyə ölkəni, tamaşaçını qaldırıram ayağa ki, bəs deməzsənmi, bu Cavanşir Feyziyev seçicinin dərdinə qalmır!


Seçicinin dərdi nə imiş?


Cavanşir Feyziyev su olmayan kəndə su çəkdirəcəyini vəd edib və... çəkib! 42 ailəlik Cəyirli kəndinə su çəkilib! 4 ailə də istəyir ki, bu kəndin içməli suyundan özünün əkin sahəsini suvarsın!” Əlbəttə ki, bu, mümkün deyil! Bəs neyləsin bu dörd nəfər, varmı bu internet kanallarda “dudka”ya gedən kəmfürsət, psevdopatriot jurnalistlər!? Var! “Adə, hurreyy!”, yazaq, qoy yıxsın, sürüsün qəzetəsində “allah! Allah!” deyə-deyə!


Halbuki problem bu deyil!


Problem Cavanşir Feyziyevin nəzərinə çatdırılan iki məktəbin mütləq təzələnməsidir! Ki... bunu da Cavanşir Feyziyev Nazirlər Kabineti qarşısında qaldırmalıdır (qaldıracaq da), problem vəsaitin ayrılmasına nail olmaq, podratçı və icraçı təşkilatı tapmaq, təhsil şöbəsi ilə, icra hakimiyyəti ilə razılaşdırmaq kimi prosedur qaydalarıdır, vaxt istəyir! Necə ki indiyə qədər belə problemlər qaldırılıb və həll edilib!


7 artezian quyusu qazdırılıb, 7 artezian quyusu istifadəyə verilib, 5 ədəd artezian quyusu təmir edilib, 2 kəndə 2 min metr uzaqlıqan su çəkilib, 10 şəhid və qazi evi təmir edilib!
400 tələbə, 57 şəhid ailəsi himayəyə alınıb!


Statistkaya çatanda hamı yorulubmuş kimi üzünü çevirir, deyim, gülün: Şəhid anası acılarını dilə gətirir, duyğu sömürüsü aurası yaranır, “mənim balam, mənim balam” ağı-itkisi məclisin fonuna az qala mərsiyə pərxaşlığı qatmağa hesablanıb, Cavanşir Feyziyev cavab nitqini üzünü şəhid qardaşına tutaraq, o qədər sərrast səsləndirir ki, heyran qalmaya bilmirsən:


- Sizin adınız mənim siyahıya daxil edilməyib ki? Sizi kimsədən ayırmışam və ya əskik tutmuşam (eyhamlı işarələri deyəsən şəhid qardaşı həmən tutur, həmən də cavab verir: “Yox, Cavanşir müəllim, biz də hamı kimi siyahınızdayıq və gecikmələr belə olmur”)?
- Deməli, ananızı 2025-ci ilə qədər yaşatmaq borcunuzdur, allah eləməmiş, bir şey olsa, biz sizdən tələb edəcəyik!


Söhbət artıq şəhid ailələri üçün tikiləcək evlərdən gedir, Cavanşir Feyziyev:


- Cənab Prezident 2025-ci ilə qədər şəhid ailələri üçün evlərin tikilib istifadəyə verilməsi üçün sərəncam verib, tikiləcək də! 2025-ci iləcən tikilməsə, sizin evinizi özüm tikəcəm!
Təəssüf doğuran bu idi ki, bəzi yerlərdə və bəzi qruplarda, dəstələrdə olduğu kimi, cənab Prezidentin göstərişini bəzi adamlar deputatın yerinə yetirməli olması kimi başa düşür!
Nə yaxşı ki, Kişdə və Şəkidə belə düşünən yox dərəcəsindədir və izah edəndə anlayışla yanaşırlar!


İxtisasca ustad pedaqoq, əmək fəaliyyətində uğurlu biznesmen, ictimai-siyasi həyatda ləyaqətli millət vəkili olan Cavanşir Feyziyevin bir köynəkdə olduğu seçicilərlə səmimi söhbətindən bəzi məqamları çatdırmaq da faydalı olar, zənnindəyəm:


- Mən ali məktəbə imtahan verməyə gedəndə cibimdə 5 manat pulum vardı! Yolboyu fikirləşirdim ki, mən istituta girməyinə girəcəm, amma kaş biri tapılaydı, mənim oxumağıma maddi yardım edəydi! Ona görə də bu gün mən özüm faydalı olum deyə, deputat olmaq istədim!


Düzdür, əvvəllər mən iş yeri yaradan idim, mənə üz tutan hər kəsə iş verə bilirdim, indi mənim elə imkanlarım yoxdur, amma yardım etməkdən, problemlərin həllinə yardımçı olmaqdan çəkinmirəm, qaçmıram. Ürəklə mənə yaxınlaşa bilərsiniz, bir şərtlə ki, problemin həlli ünvanın birgə tapaq, mənim həll edə, gücüm çata bilməyən işlər də var, onları birgə çözməliyik...
Cavanşir Feyziyevin dediklərinə SÖZƏ SÖYKƏK: bugünlərdə 80 yaşı qeyd olunan Müslüm Maqomayev həmişə Heydər Əliyevin yanına xahişə gedirmiş, o da həll edirmiş, axırda Heydər Əliyev qayıdır ki, Müslüm, sən onsuz da özünə görə xahişə gəlmirsən, elə ona görə də səni deputat qoyuram, birbaşa elə özün həll elə, hər dəfə mənə demə!


Cavanşir Feyziyev sözünə davam edir:


- İngiltərədə ən hörmətli işlərdən biridir taksi sürücüsü, amma Fransada bu ən aşağı iş sayılır, odur ki, İngiltərədə bütün taksi sürücüləri ingilislərdir, Fransada mühacirlər! Hər ölkənin öz prioritetləri var, öz düşüncə tərzi var! İngilis sürücü məndən hardan olduğumu soruşdu, “Azərbaycan” dedim, bir neçə dəqiqə susdu, sonra özünü xoşbəxt hiss etdiyini dedi: “Mən sevinirəm ki, İngiltərə o qədər gözəl ölkədir ki, adını tələffüz edə bilmədiyim ölkədən bura insanlar gəlir, iş görür!” Düşüncə ali olmalıdır, bunun üçün də ali səviyyədə təhsilə sahib olmalısan! O məsələləri ki, kənd ica nümayəndəsi, kənd bələdiyyə sədri həll edə bilər, etməlidir, onlara deyin, onların həll edə bilmədiyini mənə saxlayın!


Vaqif Aslandan Cavanşir Feyziyevin SÖZÜNƏ MÜDAXİLƏ:


- Bəxtiyar Vahabazadənin oxucularla görüşü keçirilir, biri deyir qaz xətti işləmir, biri deyir, işıqlar yanmır, yaradıcılığı qalır bir yanda, sosial-məişət məsələləri ilə düşürlər şairin üstünə! Kimsə də durub deyir ki:


- Bəxtiyar Vahabzadə energetika naziri deyil e, şairdir, bura yaradıcılıq gecəsi keçirməyə gəlib!
... Cavanir Feyziyev danışır! Danışır və... bütün dünyanın ali dəyərlərini, böyük ölkələrinin böyük və balaca adamlarını daşıyıb gətirir dünyanın bu bapbalaca Kiş kəndinə ki, bu bapbalaca Kiş kəndi dünya boyda böyüsün, böyük olsun!


Onda mən onu bağrıma basmaq istədim: öz bapbalaca kəndimi mən elə görmək istəyirəm, öz bapbalaca kəndimlə hər bir Kiş sakini fəxr etdiyi, qürur duyduğu kimi görmək istəyirəm, mən öz kəndimin Aydın Məmmədovu, Vaqif Aslanı olmaq istəyirəm. Bəlkə də ola bilərəm, amma mənim kəndim Kiş kəndi öz Aydınını, Vaqifini, Cavanşirini başa düşdüyü kimi başa düşmür! Ümumiyyətlə, heç bir kənddə heç kimi Aydın Məmmədovu, Vaqif Aslanı, Cavanşir Feyziyevi başa düşdükləri kimi başa düşmürlər!


Və... həyat prinsiplərini çözə-çözə, təkliflərini verə-verə danışır:


- Kimsə Şamama Həsənovaya, Qaqarinə bənzəmək istəyirdi bizim vaxtımızda. Yağanda uşaqboyu qar yağan o vaxtlarda, iqlim eləydi, küçələri taxta bellərlə təmizləyib, yol açırdılar məktəbə getməyə, kənddə də bir-iki maşın vardı, keçirdi yanımızdan, mən onda böyüyüb oxuyub maşın almaq istəyirdim ki, qar yağanda dərsə gedən uşaqları yığım maşına aparım dərsə...


SÖZARASI: Şəkili uşaqların Əhmədiyyə Cəbrayılova oxşamaq istəyənləri Azərbaycan uğrunda döyüşlərdə canlarından keçdilər!


Təhsilə və ali düşüncəyə üstünlük verən Cavanşir Feyziyev davam edir:


- Mahmud İsmayılovun “Ağ yapıncı” romanı, Vaqif Aslanın tarixi mövzuda əsərləri var. Vaqif Aslanın romanını oxuyanda tarix öyrənirsən. Hesab edirəm ki, təkrar çapına ehtiyac var.
Seçicilərinin problemini öz ağılları, bacarıqları ilə həll etmə mərhələsinə yüksəltmək üçün təhsilə önəm verən Cavanşir Feyziyevin həm də ağıllı insan istəyi adamı məmnun edir!
Və bunu... hamı istəməlidir!


Qazidir, şəhid ailəsinin üzvüdür, ali təhsil bir yana, heç peşə təhsili yoxdur, “şəhid ailəsiyəm, qaziyəm” deyib adamın üstünə cumanda sual da verə bilmirsən, deyə də bilmirsən, ay mənim əzizim, axı əlində bir sənəDin və ya sənəTin olsun ki, bilsin hara düzəltsin, kimdən xahiş etsin, sən peşə məktəbinə oxumağa da getmirsən, amma iş də istəyirsən, yardımı başa düşdük, gücü çatan qədər verəcək, digər deputatlardan fərqli olaraq, bəs axı işi də deputatmı sənin əvəzinə işləyəcək?


Bu qədər həssas və ağır sualların üstündə və altında, içində və çölündə istəyirsən ki, çıxış yolu tapasan... Uzun və ağır, həm də çətin məsələdir. Cavanşir Feyziyev hələ ki, axarına salıb... bir-birlərini başa düşür və yola verirlər!


Mən ilk dəfə elə Cavanşir Feyziyevdən eşitdim: Azərbaycanın ilk heykəltəraşı Şəkidəndir: Fuad Əbdülrəhmanov. Büstünün qoyulması vacibdir!


Danışırdı... Cavanşir Feyziyev... danışırdı – yorulmadan, usanmadan, sevgisini ifadə edərək, təəssübünü çatdıraraq, müəllim naturasıyla öyrədərək – həyata, yaşama can atdırmaq üçün.
Mən hamısını yazmıram, amma bu o demək deyil ki, mənim fikrimcə, oxucuya çatdırmaq məsləhət deyil, yox, mən məhz oxucuya çatdırmaq üçün vacib olan məqamları yazıram!
Nəzərə alıram ki, Kiş kəndinin şəhid ailələri üçün deyilməli şeylər qoy onlar arasında qalsın, ölkə üçün nümunə olanları hamı bilsin!


Kiş... böyük və qədim kənddir! Problemləri cari...


Tarixi qədim Kiş kəndindən yazası olsan, “çinar qələm olsa, Xəzər mürəkkəb”, bu əzəməti, tarixi ha yazsan, yenə də bəs etməz!


Mən Vaqif Aslanın tarixi romanını götürdüm – görüşün mabədi o yazıda olacaq.
Hələlik isə... Cavanşir Feyziyev, Milli Məclisin məzuniyyətdə olan deputatı 31 dərəcə istidə
Havanın yüksək Temperaturu altında


Millət Vəkilinin yüksək Temperamentiylə performansına davam edirdi: bir azdan şəkili tələbələrlə görüş olacaqdı!


Daha iki saat davam edən görüşdə Cavanşir Feyziyev Şəki Şəhər İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini və Şəki Regional Təhsil Şöbəsinin müdirinin iştirakıyla tələbələrlə görüşdü!


Azı saatyarım tələbələrə hətta valideynlərinin verə bilməyəcəyi məsləhətlərini, tövsiyələrini verən Cavanşir Feyziyevin bu görüşdə məni ehtizaza gətirən bir fikri oldu! Üzünü tələbələrə tutaraq:


- Siz sağ olun ki, varsınız, sizi tanıyırıq, biz xoşbəxtik ki, bu uşaqları görürük! Avropaya heyranlıq yanlışdır! Avropadan yaxşıları əxz etməliyik, bu öz yerində, adət-ənənə doqma deyil, ancaq minillərdən bizi bu günə ötürən, bizi yaşadan əslimizə, tariximizə layiq olmaq üçün biz də böyük olmalıyıq! Zamanın böyük olmaq tələbləri isə bəllidir: elm, tərəqqi, ali düşüncə. Bunların hamısına vəsilə təhsildir! Ali və ali Təhsil!


Görüşdə iştirak edən 26 tələbənin içində  11-i tam yetim – təqaüdü 100 manatdan 200 manatacan, qalanı imkansızlar idi - təhsil haqqı 1000 manatdan 4000 manatacan olan tələbələr. Cavanşir Feyziyevin gələcəkdə Azərbaycan üçün faydalı görmək istədiyi körpələr!
Bir fakt səsləndi, doğrusu, həzzindən hələ də məmnunam: bir gənc müəllimə Cavanşir Feyziyevdən ona ayrıca ev tikilməsini istəyib ki, uşaq hazırlaşdırsın – səhv etmirəmsə, Orta Zəyziddən...


Əlbəttə ki, ev tikilib!


Cavanşir Feyziyev danışırdı... Şəkinin keçmişindən və sabahı üçün düşüncələrindən. Elə ustacasına, pedaqoqcasına izah edirdi ki, bu Şəkidə vaxt vardı, uşaqlar dərsdən sonra əllərində musiqi alətləri futlyarı dərnəklərə gedirdilər, klublara gedirdilər...


Şəkini Şəkiyə və Azərbaycana Şəki kimi qaytarmaq arzusuna görə Cavanşir Feyziyevi bir daha ayağa qalxıb alqışlamaq istədim!


Şəki... Azərbaycanın digər rayon mərkəzləri kimi, kəndə dönüb: hamı axışıb Bakıya, Bakını şəhər edib, paytaxt edib, rayon mərkəzləri dönüb olub kənd, alver nöqtəsi!


Cavanşir Feyziyev - Moskva, Buenos-Ayres, London, Paris görən birinin doğma şəhərinə bu ürək yanğısını görəndə bir daha onun insanlıq simfoniyasını gözəl bildiyinə heyran oldum!
Tədbir bitdi...


Cavanşir Feyziyev dodaqucu salamlaşaraq, sağollaşaraq, qaçaraq getdi – növbəti görüşə: gün ərzində seçicilərdən aldığı tapşırıqları icra hakimiyyətində müzakirə etməyə.


Məni isə qapıda “Şəkili” - Əfqan gözləyirdi:


- Nə oldu, Cavanşir müəllim getdi, bəs...


- “Şəkili”, Cavanşir müəllim jurnalist hərləmir,  "mandatına" da almır, ona işi, qarşısına qoyduğu məqsədə nail olmaq, seçiciləri önəmlidir, onların problemlərini həll etmək onun üçün əsasdır, məni də bura Cavanşir Feyziyev dəvət etməyib, Vaqif Aslan dəvət edib, o da verdi əlimə... kitablarını!


Cavanşir Feyziyevdən və Vaqif Aslandan ayrılsam da, Şəkidən ayrılmıram... Şəki paxlavası, halvası və kəlağayısı gəzirəm! Xan Sarayına müsafir oluram – mənim könüllü, Talış xanının isə ailəsi illə birgə əsir götürülərək gətirildiyi Şəki Xan Sarayına!


Əslində elə mən də könüllü əsir idim: insanlığın, sevginin, tarixin və əzəmətin.
Düzdür, mən də Talış xanı kimi üç gün əsir qalmadım Şəkidə, ancaq üç günün üç yazılıq əsirliyində qaldım. Bu, birinci yazıdır!


... Yola çıxıram: Oğuzun gözəlliyinə, Qəbələnin əzəmətinə, İsmayıllının əsrarəngizliyinə və... Azərbaycanın möhtəşəmliyinə heyranlıqla zümzümə edirəm:


Yaşa, Azərbaycan!


Aydın Can,


Lənkəran-Şəki-Bakı-Lənkəran


p.s. Vaqif Aslanın romanından və özündən yazı II yazıdır. Vaxtilə bir redaksiyada çalışdığımız Akif Salamovdan və Aydın Məmmədov başda olmaqla Şəki ziyalıları haqqında xatirələr III yazı olacaq!

0