"Kruqlaşan tənqidçilərimiz"

ÖLKƏ
12:49 / 15.02.2023
1461

Orxan Saffari

Azərbaycan ədəbiyyatı haqqında söz düşəndə deyilən "kruq ədəbiyyatı" anlayışı, əslində, gənclərdən daha çox yaşlı nəsilə aiddir. Gənc nəsil kifayət qədər yenilikçi, moderndirlər. Köhnələrimiz isə köhnəldikcə köhbəliblər. Ümumi götürsək, kruq olmaq pis bir şey də deyil, kruqu pisləyən adamlar da, adətən, tək qalan, heç yerdə yeri olmayanlardır ki, bu da başqa bir söhbətin mövzusudur. Amma yazıların hər dəfə kruqlaşması, artıq bir qədər ədəbi faciədir. 

Məsələn, çox hörmətli tənqidçilərimiz.

Onlar nə edir? Nə etmək istəyir? Nə edəcəklər? Yaş etibarı ilə ömürün sonuna yaxınlaşanlarımız belə ancaq bir-birinin, öz həmyaşıdlarının əsərlərindən tutub buraxmırlar. Deyəsən, qorxurlar ki, yazmasalar unudulacaqlar. Həftədə bir dəfə Ramiz Rövşəndən, Anardan, Elçindən və.sairələrdən yazılar yazılır. Tərif. Çevir tatı, bur tatı. Niyə? Belə olmasa, qəzetin səhifəsi, saytın manşeti boş qalacaq? Hər şey buna görədirmi? 

Ünvansız danışmağa ehtiyac yoxdur. Götürək əzizimiz, ədəbi də, belə də böyüyümüz, ustad Fəxri Uğurlunu. Fəxri müəllim gənclərin sevdiyi ədibdir, bu heç. Amma o nə edir? Ayda bir dəfə Ramiz Rövşəndən yazmasa, elə bilirəm, şairin ürəyi dayanacaq. Nə olub? niyə? nə səbəbə? Məgər, Ramiz Rövşənin bu qədər adı çəkilməyə ehtiyacı var? Bundan artıq necə məşhur olacaq? Daim onun adını çəkəndə nə olacaq? Tanımayanlar da tanıyacaq?  Vallah, bilin ki, o yazıları ədəbiyyatçılardan başqa heç kim oxumur. Hətta bir çox ədəbiyyatçılar da argıq görəndə üzünü çevirir ki, "aydaaa, yenə filankəsdən yazılıb". Məsələn, o gün gənclərdən ibarət bir məclisdə qəfil dostlardan biri zarafatlaşdı ki, gələn ay tez gəlsəydi, Fəxri müəllimin Ramiz Rövşəndən yeni yazısını oxuyardıq. Mənzərə aşağı-yuxarı belədir.

Başqa bir məsələ. Bir zamanlar tez-tez gənclərdən yazan Əsəd Cahangir bəy var idi. O da incidi, küsdü çıxdı getdi qoca dostlarının yanına. Onun da əsas problemi şəxsi əlaqələrdir. Yanında olan, sözünə baxan gəncdən yazacaq, yox, gözünə tərs göründünsə, qanın getdi. Ya adını çəkməz, çəksə də, Allah kəssin elə çəkməyi. Əsəd bəyin bir fərqi odur ki, o, ən mənasız, heç kimə lazım olmayan, ortada heç nəyi olmayan adamlardan nəsə düzəldir. Dəxilsiz adamlara Füzulidən şərhlər verir. Allah aqqı, Füzuliyə yazığım gəlir. Deyə də bilmirsən ki, ay Əsəd müəllim, bu day-day kimdi? Həqiqətən görmürsən onun yaradıcılığını? Yəni, şəxsən mən görmürəm. Yaradıcılıq yoxdur axı. Nəyi görüm? Nəvə-nəticə üçün şeir yazan adamlar nə bilir Füzuli nədir? Yaxud da, sonradan həvəslənən iş adamları? Bəlkə bunlara son vermək, gənclərlə hikkəni bitirmək lazımdır? Gəncdir də, o lap sizə qarşı da çıxa bilər, buna görə onunla belə rəftar etmək lazımdır? Xəbəriniz var ki, sizi elə gənclik bağışlamayacaq? 5-10 ilə bu dünyada olmayanda yaxşı xatırlanmayacaqsınız? Allah ömür versin hamısına, amma belə olacaq, əmin olun. Necə ki, ölüb gedənlərə münasibət indi göz qarşısındadır. 

O cümlədən Vaqif Yusifli bəy. Görünən odur ki, Vaqif bəy sosial şəbəkələri heç izləmir, ancaq hardasa dərc olunan gəncləri tapır. Onların da çoxu istedadsız, mənasız. Sadəcə, hörmətli böyüklərimizə bunu izah eləmək olmur. İkimininci illərin ədəbi gəncliyindən ibarət bir yazısı var Vaqif müəllimin. Çəkdiyi üç addan başqa hamısını aparıb tullamaq lazımdır ora-bura ki, gözə görsənməsinlər. Gah deyir, filankəs qazi şairdi, filan şeiri var. Yazını oxuduqca başım da xarab olur. Yox, ədəbiyyat əsgəri xidmətlə ölçülürsə, Laçında, postda olmuşam. 3600 metr yüksəklik, 15 metrdə erməni ilə üzbəüz məsafədə. Pis çıxmasın, başlarına da oyun açırdım. İndi oturub əsgərliyimi danışım? Bunu çəkək önə? Budursa, çox yaxşı bacarıram. Amma qorxuram, Vaqif bəy gələn həftə yaza ki, Laçında qulluq edən gəncimiz Orxan Saffari "Əjdər" hekayəsi də müharibəndir. 

Yadıma bir hadisə düşdü, bunu da deyim, bir-iki ad da çəkəcəm, sonra bitirək. 
Aləm Kəngərli adında bir baba var. Arada kitab zad yazır. Elə Əsəd Cahangir bu babadan da yazmışdı. Uzun danışmayım ondan, tərbiyəsizliyim tutacaq, lağ-lağı edəcəm. Deməli, bir dəfə mənə əsəbiləşib dedi ki, ayə, sən mənim nəvəm yaşındasan, üstəlik, mən Qarabağda döyüşmüşəm, veteranam, məni niyə tənqid edirsən? Allaha and olsun belə də dedi. Yazıçılar Birliyinin qarşısında, öz maşınında, yanımızda da Ayaz Arabaçı var idi. Qorxdum. Dedim, bu dəqiqə maşını arxaya möhkəm verib harasa vuracaq. Gördünüz niyə yazıçı kimi yox, baba kimi xatırlayıram?

Yəni ki, belə. 

Sonda təşəkkürlərim də var. Məsələn, Elnarə Akimova xanıma. Sonsuz təşəkkürlərim həm də. Hansı yazısına baxsan, yenilikçi gənclərdən danışır, yazılarını təhlil edir. Daha oturub-durub qocaları tərifləmir, dostluq naminə kiminsə adını çəkmir. O cümlədən Maral Yaqubova xanım da. Ona da eşq olsun, təşəkkürlərim yetsin. 

Kişilərdən Cavanşir Yusifli isə deyərdim ki, tək adamdır hələ. O, qardaşı Vaqif Yusiflidən və digər həmyaşıdlarından fərqli olaraq gənclərdən yazır tez-tez, təhlil edir. Sağ olsun, o biriləri kimi etməyə də bilər. Onlar kimi deyər ki, nəyimə lazımdı? Oturar Anardan zaddan yazar, hələ yaxşı da dolanar. 

Bu siyahını uzatmaq da olar. Yaxşıları daha çox yad da eləmək olar, amma hələlik, bu qədər bəsdir. Adlarını çəkdiyim insanlardan xahiş edirəm ki, mənim adımı yaxşı və pis heç yerdə çəkməsinlər. Həqiqətəm istəmirəm. Ədəbiyyat haqqı. Artıq maraqlı da deyil. Həvəsli olduğum vaxtlar var idi, keçdi. Onsuz da, bir çoxları indiyə qədər çəkməyib də. Məsələn, təriflədiyim, sevdiyim, özümə böyük dost, doğma bildiyim Cavanşir Yusifli. Nə tənqid edib, nə tərif. And olsun, zərrə də öz adıma inciməmiş, pis olmamışam.  Üzbəüzdə həmişə tərifləyib amma. Əskiklərimi bildirib. Bunun üçün də sağ olsun. O cümlədən Əsəd Cahangirlə aram heç vaxt yaxşı olmayıb deyə, o, dəqiq buna görə çəkmir adımı, hekayələrimdən yazmır. Yoxsa, onun kimi adam məndə heç nə görmədimi? Maral xanım məni tənqid də edib, tərənnüm də. Fəxri müəllim də həmişə məclisdə tərifləyib. Elə digər gənc dostları da. Kimlərin adı çəkilmirsə, məclisə qalır. Əminəm ki, mənim kimi dostlarımızın da artıq ehtiyacı yoxdur. Çünki bir az da qudurmuşuq. Məsələ odur ki, bu, sadəcə, ədəbiyyatın arxivi üçün lazım olan şeydir. Şəxsən mənim ədəbi məşhurluğum sosial şəbəkə hesabına adı çəkilənlərin hamısından çoxdur. O cümlədən, digər gənclərin də. Yəni, onların qəzetdə, saytda yazdığı yazılardan çox bizim profillər oxunur, yazılarımız tanınır. Oxuyanlar da fikir vermir ki, Əsəd Cahangir görən Orxandan, Vüqardan nə dedi? Bütün hallarda ədəbi proses deyirlərsə, bu da ədəbi proses. Di hı. Oturub, ortada olan, yenilikçi gənclərdən yazsınlar. Məsələn, bir gənc dostumu tövsiyyə edim. Vüqar Van. Artıq tanıyırlar. İki romanı da var. Qalanını da özünüz bilərsiniz.

1