İnstitut: \"Ermənilər azərbaycanlıların tarixi izlərini məhv etmək yolunu seçib\"

17:41 / 31.03.2023
521

"Rusiya imperiyasının layihəsi kimi yaradılan kvazidövlət Ermənistanda ermənilər azərbaycanlıların tarixi izlərini məhv etmək yolunu seçmiş və millətçilik, qatı şovinizm siyasətini müxtəlif kartoqrafik mənbələrə də (xəritə, atlas) köçürüb".

Hit.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qarabağ və Şərqi Zəngəzura dair yeni çapdan çıxmış "İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri" adlı nəşrində yazılıb.

Nəşrə görə, ermənilər indiki Ermənistanda Azərbaycan xalqına məxsus yerli adları, toponimləri tarixi mənbələrdən, coğrafi xəritələrdən silib atmaq mümkün olmadığını nəzərə almırlar: "Məsələn, rus hərbi topoqraf-xəritəçilər tərəfindən tərtib və nəşr olunan "Qafqaz hərbi dairəsinin 1903-cü ilin hərbi-topoqrafik xəritəsi" olduqca zəngin informasiyaya (məzmuna) və Ermənistanın əsassız iddialarını ifşa etmək üçün çox böyük əhəmiyyətə malikdir. Onun əsasında nəşr olunmuş "Cənubi Qafqaz. 1903-cü il" xəritəsindən çıxarılmış oykonim, oronim və hidronimlərin siyahıları göstərmişdir ki, indiki Ermənistanın ərazisindəki coğrafi adların (toponimlərin) mütləq çoxluğu (80-90%-dən çoxu) Azərbaycan mənşəlidir. Digər kartoqrafik əsərdə - "Zaqafqaziya Federasiyasının siyasi-inzibati xəritəsi"ndə (Leninqrad, 1931) toponimlərin dil mənsubiyyətinə görə statistik paylanması (Azərbaycan-türk mənşəli adlar 78,0%, erməni mənşəli adlar 3,4%, digər mənşəli adlar 18,6%) müasir Ermənistan ərazisindəki coğrafi adların əksəriyyətinin Azərbaycan-türk mənşəli olduğunu bir daha təsdiq edir.

Azərbaycan xalqına qarşı təcavüzkar siyasət XVIII əsrin əvvəlindən fasiləsiz olaraq davam etməkdədir. Üç yüz il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalar, deportasiyalar, soyqırımlar, maddi-mədəni-mənəvi irsimizə vandalizm münasibətinin təşkil olunmasına baxmayaraq, Azərbaycan xalqı mübarizə aparır, yaşadır-yaradır və daim inkişaf edir.

Vətən müharibəsində (2020-ci il) əldə olunmuş Zəfər Azərbaycan xalqının məğlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsindən sonra hamıya aydm oldu ki, erməni millətçi-şovinistlərinin həyata keçirmək istədiyi "miatsum" ("birləşdirmə" - Qafqazda yaşayan ermənilərin bir dövlətdə birləşdirilməsi) millətçi ideyası və "Böyük Ermənistan" xülyası heç vaxt gerçəkləşməyəcək.

10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı bu erməni miflərini tarixin zibilliyinə atdı".

0