Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslər kassasiya şikayəti verdi

ÖLKƏ
09:16 / 30.05.2023
430

İş qadını Ruhi Əliyevaya qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 30-na təyin edilib.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, R.Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib və həmin şəxslər məsuliyyətə cəlb ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Ruhi Əliyeva mətbuata açıqlamasında bildirib ki, insanların şəxsi və iş həyatı barədə yalan məlumatlar yaymaq qanuna ziddir və hər kəs kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısında cavab verməlidir.

0