Keçmiş icra başçısı Kürün “qollarını” zəbt edib? - İddia

ÖLKƏ
17:57 / 31.05.2023
408

Neftçalada ot biçini ilə bağlı qalmaqal yarandığı barədə məlumat vermişdik.

Yerli sakinlər Hit.az-a bildirmişdi ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Burcalı Ağayev Xəzər dənizinin geri çəkilməsi nəticəsində yaranmış boş sahədə biçin aparmağa imkan vermir: “Təsəvvür edin, dəniz geri çəkilir və boş sahə əmələ gəlib. Həmin sahədə ot bitib. Biz də həmin otu biçmək istəyirik, Burcalı Ağayev imkan vermir. Biz oranı zəbt etmək istəmirik axı. Sadəcə yabanı şəkildə ot bitib, biz də həmin otu biçib mal-qaramıza veririk. Bununla bağlı rayon rəhbərliyinin də icazəsini almışdıq”.

Onların iddiasına görə, həmin ərazidə Burcalı Ağayevə yaxın şəxslər də ot biçir. Lakin icra başçısının müavini onlara heç bir söz demir. 


Dünən sakinlər yenidən redaksiyamızla əlaqə saxlayaraq əlavə məlumat veriblər. Onların iddiasına görə, Burcalı Ağayev yalnız özünə yaxın şəxslərin təsərrüfatlarını inkişaf etdirməyə çalışır. “Bizə qanunsuz ot biçdiyimizi deyir, qanunlardan danışır. Amma məsələn, öz yaxınlarına heç nə demir. Bütün rayon bilir ki, keçmiş icra başçısı Əbülfəz Ağayevin 1000 hektar ərazini qanunsuz zəbt edib. Bəs niyə ona bir söz demir? Çünki onunla münasibətləri yaxşıdır”, - sakinlər bildirib. 


Əbülfəz Ağayev 2000-2002-ci illərdə Neftçalanın icra başçısı olub. Sakinlər iddia edir ki. torpaq sahəsini də icra başçısı olduğu dövrdə ələ keçirib. “Həmin torpağın sənədi yoxdur, ola da bilməz. Çünki bu ərazilər Kür çayının qollarıdır. Su çəkilib, boş qalıb. Əbülfəz Ağayev də orada qanunsuz təsərrüfat qurub. Burcalı Ağayev bunları daha yaxşı bilir. Amma tədbir görmür. Sadə sakinlərə çatanda isə qanun yada düşür”.


Sakinlərin iddiaları ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb. Burcalı Ağayev və Əbülfəz Ağayevlə danışmaq cəhdlərimiz baş tutmayıb. 


Anar

0