Peşə məktəblərinə marağın az olmasına səbəb nədir? - Ekspert AÇIQLADI

ÖLKƏ
14:34 / 25.08.2023
999

"1990-cı illərdə digər sahələrdə olduğu kimi peşə məktəblərinin də maddi-texniki bazası dağıldı. Onların yataqxanaları və tədris binaları təyinatı üzrə istifadə olunmadı".

Bu sözləri təhsil eksperti Cahid İmanlı HİT.az-a açıqlamasında deyib.

O, peşə məktəblərinə marağın olmamasını bu cür izah edib:

"Bir müddət boşluq oldu və peşə məktəbləri yox səviyyəsinə düşdü. Hətta ölkədə peşə məktəblərinin var olduğu belə bilinməməyə başladı. Ona görə də vətəndaşlar arasında olan bu boşluğu doldurmaq demək olar ki, mümkün deyil. Sanki peşə məktəblərinin perspektivi itirilib. Bu günün özündə belə rayonlarda olan peşə məktəblərinin ya bir otaqlı binası, ya da 2-3 əməkdaşı var. Yəni onlar fəaliyyət göstərmir deyə, xüsusən də rayonlarda peşə məktəblərinə maraq azdır".

332542

Ekspert vurğulayıb ki, adətən yaxşı oxumayan uşaqları peşə məktəblərinə yönləndirirlər:

"Bir müddət peşə məktəbləri orta məktəbi yaxşı oxumayan və ya attestat ala bilməyən şagirdlər üçün vasitəyə çevrildi. Yəni 9-cu sinifə qədər qiymətləri pis olan və dərsə marağı olmayan şagirdlər direktorlar tərəfindən məktəbdən uzaqlaşdırılır və yaxud da peşə məktəblərinə yönləndirilirdilər. Daha doğrusu, onlar da attestat almaq üçün məcburən peşə məktəblərinə yönəlirdilər. Əslində onların məqsədi peşəyə yiyələnmək yox, məhz attestat almaq idi".

Cahid İmanlı qeyd edib ki, peşə məktəbləri cəmiyyəti mütəxəssis yetişdirdiyə dair inandırmalıdır:

"Bu, olmadığına görə valideynlər övladlarını peşə məktəblərinə yönləndirmək istəmirlər. Lakin son zamanlarda Elm və Təhsil Nazirliyi çox ciddi cəhdlə çalışır ki, peşə məktəblərinə marağı artırsın. Həmçinin, peşə məktəblərinin maddi-texniki bazası gücləndirilir və müəyyən dairələrdə onlara maraq təmin edilir. Əlbəttə ki, bütün bunlar müsbət hallardır. Həmçinin, artıq paytaxtda yerləşən peşə məktəblərinə marağın yavaş-yavaş artdığı görünür. Amma bu maraq da hələ tam təmin edilməyib".

Ekspert diqqətə çatdırıb ki, peşə məktəblərinə müraciət edənlərin sadəcə 10 faizi peşə istədiyi üçün həmin sahəni seçirlər:

"Amma digərləri universitetlər və kolleclərə daxil olmadıqları üçün axırıncı variantda peşə məktəblərinə yönəlirlər. Bunun da hamısının kökündə peşə məktəblərininin özünü doğrultmaması dayanır. Ümumiyyətlə, peşə məktəbləri vaxtilə gözdən düşmüşdü və fəaliyyətləri sadəcə kağız üzərində idi. Ona görə onların nüfuzunu bu gün də bərpa etmək çətindir".

Pərviz

0