İnsanın həyatında məqsəd tapmasının onu daha xoşbəxt etdiyi düşünülsə də, yeni araşdırma bunun əksinin daha doğru ola biləcəyini göstərib. Məlum olub ki, xoşbəxtlik hissi gələcəkdə insanda həyat məqsədinin formalaşmasını proqnozlaşdıra bilər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Positive Psychology” elmi jurnalında dərc olunub.
ABŞ-ın Corc Meyson Universitetinin psixoloqları Patrik Maknayt və Todd Kaşdan həmkarları ilə birlikdə 303 nəfər arasında sorğu keçiriblər. İştirakçılar əvvəlcə xoşbəxtlik səviyyələri və həyatdakı məqsədləri ilə bağlı sualları cavablandırıblar. Eyni sorğu altı ay və iki il sonra təkrar aparılıb.
Nəticələr göstərib ki, həm xoşbəxtlik, həm də həyat məqsədi hissi nisbətən sabit xüsusiyyətlərdir. Lakin bu iki amil arasındakı təsir birtərəfli olub. Araşdırmanın əvvəlində özünü daha xoşbəxt hiss edən insanlar altı ay və iki il sonra həyat məqsədlərinin daha aydın olduğunu bildiriblər. Əksinə, əvvəlcədən müəyyən edilmiş həyat məqsədi gələcəkdə xoşbəxtliyin artacağını proqnozlaşdırmayıb.
Tədqiqatçılar bunu onunla izah edirlər ki, xoşbəxtlik insanda psixoloji təhlükəsizlik hissi yaradır. Bu vəziyyət insanın dünyanı araşdırmasına, risklərə getməsinə, yeni imkanları sınamasına və həyatdakı əsas məqsədini tapmaq üçün səy göstərməsinə kömək edir.
Alimlərin fikrincə, konkret məqsədə çatmaq prosesi isə hər zaman xoş hisslər yaratmır. Bu yolda insan müəyyən fədakarlıqlara getməli, çətinlikləri aşmalı və bəzən ani zövqlərdən imtina etməli olur. Nəticədə məqsəd uğrunda mübarizə qısa müddətdə stressi artıra və həyat məmnuniyyətini azalda bilər.
Müəlliflər araşdırmanın müəyyən məhdudiyyətlərinin olduğunu da bildiriblər. Belə ki, iştirakçılar əsasən təhsilli, karyerasının ilkin və orta mərhələsində olan amerikalılardan ibarət olub. Buna görə də nəticələrin yeniyetmələrə və yaşlı insanlara da eyni şəkildə aid edilməsi mümkün deyil. Bundan başqa, iki il ərzində bəzi iştirakçılar sorğularda iştirakını dayandırıb.
Samir


