Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”

ÖLKƏ
21:28 / 20.04.2024
162

Qazax rayonun Ermənistanın işğalı altında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Bu tarixi hadisə Qazax rayonunda toy-bayrama səbəb olub. Tezliklə işğaldan azad ediləcək Aşağı Əskipara kəndinin sakini Nazlı Nurəddin qızı Məmmədova sevincini Modern.az-la bölüşüb.

O, kənddən çıxdığı günü unutmadığını, kədərlə xatırladığını bildirib:

“Kəndimizin geri qaytarılma xəbərini oğlumdan eşitdim, sanki dilim tutuldu. Sevincimin həddi-hüdudu yoxdur. Oradan çıxdığım günü heç vaxt unutmaram. Oğlum 4 yaşının içində, qızım isə 6 aylıq idi. Böyük əziyyətlə kəndi tərk etmişdik. Gecə saatlarında avtobusa doluşub kəndimizlə vidalaşdıq. Qazax avtovağzalının mehmanxanasına gəlib əvvəlcə orada qaldıq. Qonşunlar bizə yardım etdilər, qab-qaşıq gətirdilər.
O günləri kədərlə xatırlayıram. Əslində heç xatırlamaq istəmirəm. Çox çətin günlər yaşamışıq. İtkilərimiz də çox oldu. Əmim oğlu - Fərman İskəndər oğlu Yolçuyev orada şəhid oldu. Uzaq qohumlarımız rəhmətə getdi. Bizim itkimiz çox oldu”.

Nazlı Məmmədova indi doğma kəndinə gedəcəyi günü səbirsizliklə gözlədiyini, bir yerdə qərar tuta bilmədiyini vurğulayıb:
 
“Kənddən çıxanda 32 yaşım var idi. Qanadım olsa, ora uça-uça qayıdaram. Aşağı Əskipara bizim doğulduğumuz yerdir. Vətən isə insanın doğulduğu yerdən başlayır”.

0