Valideynlərin uşaqların bütün işlərini öz üzərinə götürməsi onların gələcəkdə müstəqil qərarlar verməsinə və gündəlik problemləri həll etməsinə mane ola bilər. Həddindən artıq himayə altında böyüyən uşaqlar yetkinlik dövründə özünə inamsızlıq, qərarsızlıq və çətinliklər qarşısında tez təslim olmaq kimi vərdişlərlə üzləşə bilərlər.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri “Your Tango”ya istinadən yazıb.
Məqalədə vurğulanır ki, uşaqların həm qayğıya, həm də sərbəstliyə ehtiyacı var. Valideynlər bütün problemləri onların əvəzinə həll etdikdə uşaqlar öz bacarıqlarını sınamaq və məsuliyyət daşımağı öyrənmək imkanından məhrum olurlar.
Həddindən artıq himayə altında böyüyən uşaqlarda müşahidə oluna bilən 6 vərdiş:
1. Başqalarından asılı olmaq
Valideynlər ən kiçik işləri belə uşaqların əvəzinə gördükdə onlarda öz bacarıqlarına inamsızlıq yarana bilər. Yetkinlik dövründə bu, problemləri müstəqil həll etmək əvəzinə başqalarının köməyinə bel bağlamaqla nəticələnə bilər.
2. Düşünmədən hərəkət etmək
Uşaqlar oyun və gündəlik ünsiyyət vasitəsilə emosiyalarını idarə etməyi öyrənirlər. Valideynlərin hər addıma müdaxilə etməsi onların bu bacarığı inkişaf etdirməsini çətinləşdirə bilər. Nəticədə bəzi uşaqlarda davranış problemləri və emosional reaksiyalar daha çox müşahidə oluna bilər.
3. Çətinlik qarşısında cəhd etməkdən vaz keçmək
Bütün maneələri valideynləri aradan qaldıran uşaqlar çətinliklə üzləşdikdə nə edəcəklərini bilməyə bilərlər. İşlər gözlədikləri kimi getmədikdə isə problemi həll etməyə çalışmaq əvəzinə tez ruhdan düşə bilərlər. Boston Kollecinin professoru Piter Qrey də tələbələrin gündəlik problemlərlə bağlı getdikcə daha çox kömək istədiklərini və bunun onlarda emosional gərginlik yaratdığını bildirib.
4. Tez təslim olmaq
Uşaqların əzmkarlıq göstərməyi öyrənməsi üçün problemlərlə özlərinin mübarizə aparmasına imkan verilməlidir. Valideynlər hər dəfə müdaxilə edib çətinliyi aradan qaldırdıqda uşaqlar səbirli olmağı və həll yolu axtarmağı öyrənməkdə çətinlik çəkə bilərlər. Bu xüsusiyyət yetkinlikdə gündəlik məsələlərin həllində də özünü göstərə bilər.
5. Ağıllı olsalar da, özlərinə qayğı göstərə bilməmək
Həddindən artıq himayə uşağın müstəqillik qazanmasına mane ola bilər. Belə insanlar təhsil və digər sahələrdə uğurlu olsalar da, gündəlik ehtiyaclarını qarşılamaq, məsuliyyət daşımaq və həyatlarını təşkil etmək məsələlərində çətinlik çəkə bilərlər.
6. Qərar verməkdən yayınmaq
Valideynlər uşaqlarının əvəzinə daim seçim etdikdə onların müstəqil qərarvermə bacarığı zəifləyə bilər. Yetkinlik dövründə bu, axşam yeməyində nə yeyəcəyini seçməkdən tutmuş maliyyə məsələləri ilə bağlı qərarlar verməyə qədər müxtəlif sahələrdə tərəddüdə səbəb ola bilər.
Məqalədə qeyd olunur ki, valideynlikdə əsas məqsəd uşaqları bütün çətinliklərdən qorumaq deyil, onlara çətinliklərin öhdəsindən gəlməyi öyrətməkdir. Həddindən artıq nəzarətlə tam sərbəstlik arasında tarazlığın qorunması uşaqların müstəqil və məsuliyyətli böyüməsi baxımından vacibdir.
Samir


