Səhiyyə islahatları: Nələr dəyişəcək?

SAĞLAMLIQ
11:37 / 20.10.2026
256

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə keçirilib.

TƏBİB-in fəaliyyəti dövründə müəyyən yeniliklər və müsbət nəticələr əldə olunsa da, səhiyyədə bir sıra problemlər hələ də qalmaqdadır. Regionlarda xəstəxanaların avadanlıq təminatı, uzun növbələr, həkim çatışmazlığı və tibbi xidmət zamanı qeyri-rəsmi ödənişlərlə bağlı şikayətlər aktual olaraq qalır. Bəzi sahələrdə ştatların azaldılması və tibb işçilərinin artan iş yükü də narahatlıq doğuran məsələlərdəndir. İndi isə TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin mövcud çatışmazlıqların aradan qaldırılmasına necə təsir göstərəcəyi maraq doğurur.

Yeni idarəetmə modeli xəstəxanaların fəaliyyətində, həkimlərin iş şəraitində və vətəndaşların tibbi xidmətlərə çıxışında hansı dəyişikliklərə yol açacaq?

Milli Məclisin deputatı Rəşad Mahmudov Hit.az-a açıqlamasında bildirib ki, səhiyyədə aparılan yenidənqurma işləri idarəetmənin daha çevik qurulmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir:

413249

“Ölkədə fəaliyyət göstərən bütün tibb müəssisələri - dövlət qurumlarına bağlı klinikalardan tutmuş özəl xəstəxanalaradək - ümumi prinsiplər əsasında işləməlidir. Səhiyyə Nazirliyinin əsas vəzifələrindən biri səhiyyə sahəsində ümumi qaydaların müəyyənləşdirilməsi, xidmət standartlarının qorunması və müxtəlif tibb müəssisələri arasında əlaqələndirmənin gücləndirilməsidir. Burada başlıca məqsəd bütün qurumları eyni inzibati struktura toplamaqdan daha çox, onların fəaliyyətini ortaq dövlət siyasətinə uyğunlaşdırmaqdır”.

Deputat qeyd edib ki, səhiyyə sisteminin inkişafı mərhələli şəkildə həyata keçirilən dəyişikliklərin davamıdır:

“Tibbi sığorta modelinə uyğunlaşma prosesindən sonra növbəti mərhələdə idarəetmə mexanizmlərinin uzlaşdırılması və sistemin bütövlükdə daha səmərəli fəaliyyət göstərməsi ön plana çıxır. Görülən işlərin nəticəsi yeni strukturun yaradılması ilə deyil, insanların tibbi yardıma daha rahat çıxışı, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsi və xəstələrin hüquqlarının etibarlı qorunması ilə müəyyən edilməlidir. İslahatların real uğuru vətəndaşların gündəlik həyatında hiss edilən dəyişikliklərdə öz əksini tapmalıdır”.

Sevinc

0