Şirkətin 423 min dollarını mənimsəyən qadın bəraət istəyir

ÖLKƏ
09:37 / 23.04.2024
161

Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 25-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fabriçnaya 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib. İttiham aktına görə, zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub. O, seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. N.Fabriçnaya isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib. Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.

1