Tanınmış idmançı söküntüdən narazıdır - Rəsmi açıqlama

ÖLKƏ
11:05 / 08.07.2024
365

"Mahal" MTK evimizi uçurur. Sumqayıt şəhəri, Nizami küçəsindəki sakinlərin çoxu razılaşsa da, əksəriyyət bunu istəmir. Onların verdiyi kompensasiya ilə buralardan ev almaq mümkün deyil".

Bu sözləri "Qafqazinfo"ya müraciətində Sumqayıt şəhər sakini Ramin Əliyev bildirib.

O, şirkət tərəfindən evlərinin sökülməsindən narazıdır:

"Şirkətin rəhbəri məni hədələyir. Deyir ki, razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların verdiyi kompensasiya maksimum 140 mindir. Halbuki biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. "Mahal" MTK bizi çox incidir".

Vətəndaş düşünür ki, Sumqayıtda evlərin bahalaşması bu cür söküntü işləri aparan şirkətlər gəldikdən sonra olub.

Məsələ ilə bağlı "Mahal" MTK ilə əlaqə saxlanılıb. Şirkətdən verilən cavab isə belə olub:

"Orada kiməsə təzyiq göstərilməsi əsassızdır. Sakinlər şirkətdən qlobal rəqəmlər tələb edirlər. Mənzillərinə verilən qiymətlərlə razılaşmırlar və adətən məsələyə "fürsət" gözü ilə baxırlar".

Sakinlərlə MTK-lar arasında yaranmış bu problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanlanıb. Qurumdan vətəndaşların şikayəti ilə bağlı suala belə münasibət bildirilib:

"Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə görüş keçirilib, sakinlərin müraciətləri dinlənilib və MTK rəhbərliyinə konkret tapşırıqlar verilib. Bu tapşırıqlar sakinlərin hüquqlarının qorunmasını və onların razılığının təmin edilməsini nəzərdə tutur".

Qeyd edək ki, Ramin Əliyev 2008-ci il Çinin Pekin şəhərində Paralimpiya Oyunlarının iştirakçısı olub. O, həmçinin, 2007-ci il Avropa Çempionatının və 2010-cu ildə keçirilən Dünya kubokunun bürünc mükafatçısıdır. R.Əliyev Azərbaycan Respublikasının idman ustasıdır.

0