Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

ÖLKƏ
23:30 / 19.09.2024
129

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Almaniyanın “Atelier Erich Pummer GMBH” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

Nazirlik bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə, “Atelier Erich Pummer GMBH” Mədəniyyət Nazirliyinin sifarişi əsasında Möminə Xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmələrin aparılması işlərini həyata keçirəcək və qarşılığında 176 min 452 manat alacaq.

Qeyd edək ki, “Atelier Erich Pummer GMBH” şirkəti Almaniya vətəndaşı Erix Pumer tərəfindən təsis edilib. 2009-cu ildən Azərbaycanda ofis açaraq ölkəmizdə də fəaliyyətə başlayıb. Erix Pumer bu günə kimi aralarında “Qız Qalası”, “Buxara” və “Multanı” karvansaraları, “Opera Teatrı”, “Qoşa Qala qapısı”, “Şirvanşahlar sarayı”, “Bəylər Məscidi” kimi tarixi abidələrin də olduğu onlarla tikilidə bərpa-təmir işləri həyata keçirib.

Onu da bildirək ki, “Atelier Erich Pummer GMBH” şirkətinin gördüyü işlər üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi heç vaxt açıq tender müsabiqəsi keçirməyib. Tarixi abidələrin təmiri və bərpası birbaşa Erix Pumerin şirkətinə həvalə edilib.

Məlumat üçün qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də təxminən 15 gün əvvəl “Atelier Erich Pummer GMBH” şirkəti ilə 4 satınalma müqaviəsi bağlayıb.

Qoruq İdarəsi “Buxara” karvansarasının təmiri və bərpası üçün bu şirkətə 2 milyon manat, Əziz Əliyev küçəsi 1, 3, 5, 7, 9 ünvanlarında və Neftçilər prospekti 103 ünvanında yerləşən yaşayış binalarının təmiri və bərpası üçün 185 min manat, Qala divarlarının təmiri və bərpası üçün 2 milyon manat, “Multanı” karvansarasının təmiri və bərpası üçün 2 milyon 645 min manat ödəyəcək.//Yeniavaz.com 
 

0