"Təəssüf ki, bu il qış fəsli ölkəmizdə quraqlıqla başladı".
Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu qış fəslində Azərbaycanda qar yağışı az oldu:
"Düzdür, zaman-zaman yağış yağdı. Amma buna baxmayaraq, qar yağışı çox az oldu. Hətta demək olar ki, dağlarımızda belə qar azdır".
Mütəxəssis diqqətə çatdırıb ki, bu həftə içərisində ölkəmizdə qar yağışı gözlənilir:
"Az da olsa bu həftə içərisində ölkəyə qarın yağması proqnozlaşdırılır. Lakin paytaxt Bakıda qarın nə qədər müddət yağacağı və ya davamlı olub-olmayacağı bilinmir. Çünki külək əsməyə başlayan kimi qar dayanır. Əslində, külək olmasa yağan yağışlar tezliklə qara çevrilə bilər.
Ümumiyyətlə, fevral ayında Bakıda uzunmüddətli qar yağışının olması inandırıcı görünmür. Əsasən paytaxtda qarın yerdə qalması dekabrın sonu, yanvarın əvvəli olub. Fevral ayında yağan qar adətən Bakıda çox qalmır. Ancaq iqlim dəyişikliklərinə görə dəqiq bir söz demək də olmur".
Həmsöhbətimiz onu da əlavə edib ki, son zamanlarda ölkəmizin qar ehtiyatı da azalıb:
"Ümid edirəm ki, ölkə üzrə yağan qarın miqdarı bir qədər çox olar. Ən azından bu il dağlarımızda qar ehtiyatımız yaranar. Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikana qar yağdı, amma orada da çox qalmadı. Mən daha çox bahara doğru havaların qəfil soyumasından qorxuram. İnşallah bu baş verməz. Çünki elə olacağı təqdirdə bir qədər çətinlik yaranar.
Kiçik Qafqazın yüksək yerlərində qar ehtiyatımız var. Məsələn, ötən həftə yağan qar Laçında bir az qaldı. Bu, çox yaxşı haldır. Ancaq ümumən aşağı ətəklərdə qar ehtiyatımız azdır. İnşallah ölkə üzrə yağan qar uzun müddət qalar. Ümidli olsam da, böyük miqdarda qar yağışı gözləmirəm".
Pərviz