Hindistanın Tata Fundamental Araşdırmalar İnstitutunun fizikləri kosmik hissəcikləri qeydə alan “GRAPES-3” teleskopunun niyə şərqdə daha çox ildırım qeydə aldığını müəyyənləşdiriblər. Planetin maqnit sahəsi alimlərin buludları “skan etmək” üçün istifadə etdiyi kosmik müonların axınını təhrif edir.
HİT.az xəbər verir ki, bu barədə “Journal of Cosmology and Astroparticle Physics” jurnalında məlumat verilib.
Kosmik şüalar kosmosdan gələn hissəcik axınlarıdır. Atmosferə daxil olduqda onlar müonlar – qeyri-sabit, yüklü hissəciklər yaradır. Bu hissəciklər yerə qədər çata və buludlardan asanlıqla keçə bilir. Müonlar ildırım buludundan keçərkən onun elektrik sahəsi ilə qarşılıqlı təsirə girir: müsbət müonlar yavaşlayır, mənfi müonlar isə sürətlənir.
Kosmosdan daha çox müsbət yüklü hissəcik gəldiyi üçün ümumi axın dəyişir. Alimlər bu dəyişiklik əsasında buludun daxilindəki elektrik gərginliyini hesablaya bilirlər. Eyni tədqiqat qrupu daha əvvəl buludun daxilində 1,3 giqavolt gərginlik qeydə almışdı ki, bu da əvvəlki birbaşa ölçmələrdən 10 dəfə çoxdur.
Lakin doqquz illik məlumatların təhlili zamanı anomal vəziyyət üzə çıxıb: teleskop ildırımların 81,5 faizini şərqdə, cəmi 13,7 faizini isə qərbdə qeydə alıb.
“Müonlar bu cür tədqiqatlar üçün ideal vasitədir. Onlar atmosferdən keçən elektrik cərəyanına bənzəyirlər”, – fizik Sunil Qupta izah edib.
Səbəb təxminən bir əsrdir məlum olan “şərq-qərb effekti” ilə bağlıdır. Yerin maqnit sahəsi yüklü hissəciklərin hərəkət istiqamətini dəyişir. Nəticədə şərqdən gələn aşağı enerjili kosmik şüalar qərbdən gələnlərlə müqayisədə daha güclü şəkildə süzülür.
Modelləşdirmə göstərib ki, hissəciklərin nisbəti də dəyişir: şərqdə bir mənfi hissəciyə 1,37 müsbət hissəcik düşür, qərbdə isə bu göstərici 1,14-dür. Bu disbalans nə qədər böyükdürsə, ildırımın müon axınına təsiri də bir o qədər nəzərəçarpan olur.
Beləliklə, cihazların şərqdəki ildırımlara daha həssas olduğu müəyyənləşib. Halbuki ildırımların özləri ərazi üzrə bərabər paylanır.
Alimlər indi əldə olunan məlumatları daha dəqiq kalibrasiya edə və tropik fırtınaların elektrik proseslərini təhlükəsiz şəkildə araşdıra bilərlər. Buludların daxilindəki gərginliyin ənənəvi üsullarla birbaşa ölçülməsi üçün meteoroloji zondların və ya təyyarələrin fırtınanın mərkəzinə göndərilməsi tələb olunur.
Kosmik hissəciklərdən istifadə isə yer səthindən təhlükəsiz və fasiləsiz monitorinq aparmağa imkan verir. Bu yanaşma atmosfer boşalmalarının nəhəng enerjisinin necə formalaşdığını anlamaqda elmi tədqiqatları əhəmiyyətli dərəcədə irəli aparır.
Samir


