Təxminən 8400 il əvvəl Şimali Amerikada Fransanın ərazisinə yaxın sahəyə malik nəhəng Aqassiz gölü qəfil yoxa çıxıb. Alimlərin məlumatına görə, buz sədlərinin dağılması nəticəsində göldə toplanan böyük həcmdə şirin su qısa müddətdə Şimal Buzlu və Atlantik okeanlarına axıb.
HİT.az xəbər verir ki, aqassiz gölü təxminən 13 min il əvvəl Şimali Amerikanın böyük hissəsini örtən Lavrentid buzlağının əriməsi nəticəsində yaranıb. Təxminən 16 min il əvvəl başlayan qlobal istiləşmə buzlağın əriməsinə səbəb olub. Buzlağın kənarlarının yüksək ərazilərdə yerləşməsi isə ərimiş suyun axmasına mane olub və nəticədə sahəsi təxminən 440 min kvadrat kilometr olan nəhəng göl formalaşıb.
Gölün sərhədləri zamanla dəfələrlə dəyişib və su müxtəlif istiqamətlərə axıb. Ən böyük su boşalması isə təxminən 13 min il əvvəl şimal istiqamətində, Hudson körfəzi vasitəsilə baş verib. Bu hadisənin Atlantik okeanındakı su dövranına təsir göstərdiyi və iqlimdə kəskin dəyişikliklərə səbəb olduğu ehtimal edilir.
Tədqiqatçılara görə, həmin dövr qlobal istiləşmənin qəfil dayanaraq təxminən 1200 il davam edən soyuqlaşma mərhələsinə keçməsi ilə üst-üstə düşüb. Şimal yarımkürəsində temperaturun təxminən 3 dərəcə aşağı düşdüyü bildirilir. Bəzi alimlər Aqassiz gölündən gələn böyük həcmdə şirin suyun Atlantik okeanındakı istilik və su dövranını zəiflətmiş ola biləcəyini düşünürlər.
Bu iqlim dəyişikliklərinin Şimali Amerikada yaşamış mamontlar, qılıncdişli pələnglər və nəhəng tənbəllər kimi bir sıra iri heyvanların nəslinin kəsilməsində rol oynadığı ehtimal edilir.
Təxminən 8400 il əvvəl buz maneələrinin tamamilə dağılması ilə gölün qalan suyu da sürətlə okeana axıb. Mənbədə qeyd olunur ki, bu hadisə Dünya okeanının səviyyəsinin cəmi bir il ərzində təxminən 2,8 metr yüksəlməsinə səbəb olub və geniş ərazilərin su altında qalması ilə nəticələnib.
Aqassiz gölünün tamamilə yoxa çıxmasından sonra onun yerində geniş və münbit düzənliklər formalaşıb. Bu ərazilər hazırda Kanadanın preriya bölgələrinin və ABŞ-ın Orta Qərbinin bir hissəsini əhatə edir. Vinnipeq, Vinnipeqoşis, Les və Manitoba göllərinin isə qədim Aqassiz gölünün qalıqları olduğu bildirilir.
Samir


