Göygöldə örüş sahəsi qalmaqalı: "Müsəlmanıq, belə iş olar?!" - VİDEO

ÖLKƏ
21:32 / 29.05.2026
26

Göygöl rayonunun Aşıqlı kənd sakinləri örüş sahələrinin başqa rayonlardan gələn şəxslər tərəfindən zəbt olunmasından şikayətçidirlər.

Onların sözlərinə görə, örüş sahələri iri sürülər tərəfindən zəbt edildiyi üçün yerli əhali mal-qarasını otarmaqda ciddi çətinliklərlə üzləşir.

"Burada mal-qara saxlamaq olmur. Qəbiristanlığa ziyarətə də gedə bilmirik. Gedən adamlara it hürür. Belə olmaz axı. Müsəlmanıq. Qəbiristanlığı ziyarət etməyə getməyək?! Qonşunun oğluna beş it hücum etmişdi, çomaqla güclə ayırdıq", - deyə sakinlərdən biri bildirib.

Onlar qeyd edirlər ki, son yağışlardan sonra bitən otu da iri sürülər yediyindən kənd əhalisinin heyvanları üçün yem çatışmazlığı yaranır.

Baku TV-nin məlumatına görə, məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, şikayət edilən fermer Elman Telmanov Aşıqlı kənd sakinidir və kənd ərazisində müvəqqəti olaraq iribuynuzlu və xırdabuynuzlu heyvan saxlayır.

Vurğulanıb ki, o, qanunvericiliyin tələblərinə uyğun olaraq kəndin ümumi istifadəsində olan örüş və otlaq sahələrindən istifadə edir. Ona məxsus heyvanlar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən qeydiyyata alınıb və Göygöl Baytarlıq və Heyvan Sağlamlığı Mərkəzi tərəfindən müvafiq baytarlıq xidmətləri ilə təmin olunur.

Əlavə edilib ki, həmin sakin heyvanları aran zonasından yaylağa aparmaq məqsədilə hava şəraiti ilə əlaqədar olaraq müvəqqəti şəkildə kənd ərazisində yerləşdirib. Yaxın günlərdə heyvanların yaylağa köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, məsələ ilə bağlı sakinlər Daxili İşlər Nazirliyinə də müraciət ediblər. Nazirliyin Gəncə regional qrupundan bildirilib ki, "102" xidmətinə daxil olan müraciət əsasında tərəflər arasında baş verən insidentlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

0