Nine Senses Fest 2026 Bakıda başladı: Dünyanın aparıcı ekspertləri bir araya gəldi

ÖLKƏ
22:00 / 12.06.2026
93

Bakıda Nine Senses Fest 2026-nın rəsmi açılış mərasimi keçirilib.

Hit.az xəbər verir ki, 80-dən çox beynəlxalq ekspert Nine Senses Fest 2026-da bir araya gəlib.

Şəxsi inkişaf, sağlamlıq və yaradıcılıq sahələrini bir araya gətirən beynəlxalq Nine Senses Fest 2026 festivalının rəsmi açılışı Bakıda baş tutub. 3 gün davam edəcək festival dünyanın müxtəlif ölkələrindən 80-dən çox ekspert və minlərlə iştirakçını bir araya gətirəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisi Leyla Əliyevanın himayəsi ilə keçirilən festival ilk gündən etibarən böyük maraqla qarşılanıb. 

Tədbir çərçivəsində Azərbaycan və xarici ölkələrdən gələn yoqa ustaları, psixoloqlar, müəllimlər, incəsənət nümayəndələri və şəxsi inkişaf üzrə mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Festivalın ilk günündə The Club Port Baku və JW Marriott məkanlarında müxtəlif istiqamətləri əhatə edən ustad dərsləri, mühazirələr və praktiki sessiyalar təşkil olunub.

İştirakçılar hata yoqası, kundalini yoqası, çiqonq, sound healing, neyrogimnastika, meditasiya və müxtəlif bədən təcrübələri ilə tanış olmaq imkanı əldə ediblər.

Vadim Popov, Lev İvanov, Nandan Qautam, Darpan, Yelena Seselkina və digər tanınmış ekspertlərin çıxışları tədbirin diqqətçəkən məqamlarından olub. Onların təqdimatları sağlam həyat tərzi, daxili inkişaf və şəxsi transformasiya mövzularına həsr edilib.

Festivalın ilk gününün ən yaddaqalan hadisələrindən biri rəsmi açılış mərasimi və Aura RA tərəfindən təqdim olunan “Transformasiya” adlı immersiv meditativ performans olub. Tamaşaçılar musiqi, vizual sənət və meditativ təcrübələrin vəhdətində təqdim olunan bu unikal proqramı böyük maraqla izləyiblər.

Açılış mərasimində çıxış edən Nine Senses Art Center-in akademik direktoru Natalya Jukova festivalın əsas missiyasından danışaraq bildirib ki, müasir dövrdə sürətli həyat ritmi ilə daxili harmoniya arasında balans yaratmaq hər zamankından daha vacibdir.

"Nine Senses qədim biliklərlə müasir yanaşmaların qovuşduğu, insanların öz daxili səslərini eşidə bildiyi və daha şüurlu həyata doğru addım atdığı xüsusi bir məkandır. Burada müxtəlif ölkələrdən, mədəniyyətlərdən və ənənələrdən olan insanların sağlamlıq, inkişaf və daxili yüksəliş arzusu ətrafında bir araya gəlməsi bizi sevindirir", – deyə Natalya Jukova vurğulayıb.

Qeyd edək ki, festival 13–14 iyun tarixlərində Sea Breeze Resort ərazisində davam edəcək.

0