Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakıda son iki ildə mikromobillik infrastrukturunun yaradılması və inkişafı istiqamətində mühüm işlər görülüb.
Hit.az xəbər verir ki, mikromobillik infrastrukturunun qurulmasına başlanıldığı vaxtdan paytaxtda velosiped və elektrikli skuterlər 6,9 milyon dəfədən çox sifariş olunub. Bu müddətdə istifadəçilər 18 milyon km-ə yaxın məsafə qət ediblər. Statistika yalnız kirayə xidmətlərini əks etdirir, şəxsi velosiped və skuterlərdən istifadə bu göstəricilərə daxil deyil.
Cari ilin 7 ayı ərzində isə kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş olunub. Yanvar-iyul aylarında mikromobillik vasitələrindən istifadəçi sayı 1 160 228 nəfər olub və ümumilikdə 4 918 839 km məsafə qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm sifariş, həm də istifadəçi sayında 1,2 dəfə artım deməkdir.
İnfrastrukturun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Hazırda paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması nəzərdə tutulur.
Son 2 ildə əldə olunan nəticələr göstərir ki, Bakıda mikromobillik artıq alternativ nəqliyyat vasitəsi olmaqdan çıxaraq şəhərin müasir və dayanıqlı nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir. Mikromobilliyin inkişafı qısa məsafələr üzrə daha rahat və çevik hərəkət imkanı yaradır, nəqliyyat sıxlığının və karbon emissiyalarının azalmasına, ictimai nəqliyyata əlçatanlığın artmasına töhfə verir.


