Elektrik xərclərini 8 faizədək azaltmağın sadə yolu açıqlandı

MARAQLI
17:44 / 12.10.2026
51

Elektrik cihazlarını söndürdükdən sonra belə rozetkada saxlamaq ev təsərrüfatlarının enerji xərclərini artıra bilər. Mütəxəssislərin qiymətləndirməsinə görə, gözə görünməyən bu istehlak ümumi elektrik hesabının 5–8 faizini təşkil edə bilər.

HİT.az xəbər verir ki, bu barədə *Maison & Travaux* nəşri elektrik mütəxəssislərinin tövsiyələrinə istinadən yazıb.

Müasir elektron cihazların bir çoxu söndürüldükdən sonra da gözləmə rejimində qalır. Bu zaman onlar internet bağlantısını qorumaq, saatı göstərmək və ya istifadəçinin əmri ilə sürətli işə düşmək üçün elektrik enerjisi sərf edir.

Televizorlar, internet modemləri, oyun konsolları, masaüstü kompüterlər, monitorlar və şarj cihazları gizli enerji sərfiyyatının əsas mənbələri arasında göstərilir. Xüsusilə üzərindəki indikatorlar və rəqəmsal displeylər sönməyən cihazlara diqqət yetirmək tövsiyə olunur.

Elektrik xərclərini azaltmaq üçün mütəxəssislər yaxın saatlarda istifadə edilməyəcək cihazları tamamilə elektrik şəbəkəsindən ayırmağı məsləhət görürlər. Bu sadə vərdiş, xüsusilə evdə çoxsaylı elektron avadanlıqlar olduqda, aylıq enerji sərfiyyatını azaltmağa kömək edə bilər.

Bununla belə, qənaətin həcmi evdəki cihazların sayından, yaşından və funksiyalarından asılıdır. Həmçinin, təhlükəsizlik və istehsalçı tövsiyələrini nəzərə alaraq, fasiləsiz işləməsi tələb olunan cihazları səbəbsiz yerə şəbəkədən ayırmaq məsləhət görülmür.

Samir
 

0