NATO-dan Avropaya çağırış: Ukraynaya dəstəyi artırmaq lazımdır

DÜNYA
16:37 / 12.10.2026
58

Avropa ölkələri Rusiyanın hibrid hücumlarına cavab olaraq Ukraynaya hərbi və digər yardımlarını artırmalıdır. Bu, təkcə Kiyevin müdafiəsi deyil, həm də Avropanın öz təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.

HİT.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Aleksus Qrinkeviç “Bloomberg”ə müsahibəsində bildirib.

General Danimarka və Almaniyanın öz ərazilərində baş verən hibrid hücumlardan sonra Ukraynaya yardımı artırmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu addımlar Rusiyaya qarşı adekvat cavab tədbirləridir və Moskvanın qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini göstərir.

Qrinkeviç Avropada Ukraynaya dəstəyin davam etdirilməsini tənqid edən siyasi qüvvələrin güclənməsinə də münasibət bildirib. Xüsusilə 2027-ci ildə keçiriləcək mühüm seçkilər ərəfəsində bu mövqenin daha çox gündəmə gələ biləcəyini qeyd edən general, Avropa ölkələrinin Ukraynanın təhlükəsizlik baxımından oynadığı rolu tezliklə daha yaxşı anlayacaqlarına əminliyini ifadə edib.

O vurğulayıb ki, Ukraynaya yardım Avropa dövlətlərinin milli təhlükəsizliyi üçün də zəruridir. Qrinkeviç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatması ehtimalı barədə danışarkən isə yaranan fürsətləri vaxtında dəyərləndirməyin vacibliyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Financial Times” nəşri Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq, eləcə də Avropa ölkələrinin Ukrayna Silahlı Qüvvələri üçün ABŞ istehsalı olan silahları aldığı PURL mexanizmini dondurmaqla hədələdiyini yazıb. ABŞ prezidenti Donald Tramp isə Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrini tənqid edib və Kiyevin Rusiya ilə sülh sazişi imzalayacaq başqa prezidentə ehtiyacı olduğunu bildirib.

Samir
 

0