Naxçıvanın inkişaf potensialı genişlənir

ÖLKƏ
13:14 / 12.08.2026
274

“Hesab edirəm ki, Naxçıvanın qarşıdakı dövrdə inkişaf perspektivləri kifayət qədər genişdir və hazırda həyata keçirilən layihələr muxtar respublikanın yeni iqtisadi modelinin əsasını formalaşdırır”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O, Naxçıvanın potensialından danışıb:


“Xüsusilə enerji, sənaye, nəqliyyat-logistika və sosial infrastruktur sahələrində atılan addımlar Naxçıvanın iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına imkan verəcək. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı yeni layihələrin təməlinin qoyulması və mühüm qərarların qəbul edilməsi də dövlətin bu istiqamətdəki siyasi iradəsini göstərir. Naxçıvanın bərpaolunan enerji imkanlarından istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.

Günəş və su elektrik stansiyalarının yaradılması yalnız enerji təminatının yaxşılaşdırılmasına deyil, gələcəkdə Naxçıvanın enerji ixrac edən regiona çevrilməsinə də şərait yarada bilər. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının yaradılması yeni istehsal sahələrinin, investisiyaların və iş yerlərinin formalaşmasına, yerli iqtisadiyyatın şaxələndirilməsinə ciddi töhfə verəcək”.

Millət vəkili qeyd edib ki, Naxçıvanın strateji perspektivlərini müəyyən edən əsas amillərdən biri isə onun Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının bərpasıdır:
“Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın regional nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, muxtar respublikanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm həlqələrindən birinə çevirə bilər. Bu isə ticarət dövriyyəsinin, tranzit imkanlarının və investisiya marağının artmasına səbəb olacaq”.

Siyasətçi diqqətə çatdırıb ki, yeni idarəetmə modelinin tətbiqi də Naxçıvanın inkişaf proseslərinin daha çevik və effektiv təşkilinə xidmət edə bilər:
“Düşünürəm ki, idarəetmə, enerji, sənaye, nəqliyyat və sosial infrastruktur istiqamətlərində həyata keçirilən layihələr bir-birini tamamlayır və vahid inkişaf strategiyasının tərkib hissəsidir. Nəticədə Naxçıvan həm Azərbaycanın iqtisadi məkanına daha sıx inteqrasiya olunacaq, həm də regionda mühüm iqtisadi, enerji və logistika mərkəzlərindən birinə çevrilmək üçün yeni imkanlar qazanacaq”.

Elmir Mustafa

0