Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO

ÖLKƏ
20:39 / 04.09.2026
44

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan vətəndaş ünvan uyğunsuzluğu ilə bağlı problem yaşadığını bildirir. Usta Baba Pirməmməd küçəsində yerləşən evin ünvanı müxtəlif sənədlərdə fərqli göstərilib.

Baku TV-nin məlumatına görə, vətəndaşın şəxsiyyət vəsiqəsində ünvan 25, evin giriş qapısında 59, çıxarışda isə 57 nömrəsi qeyd olunub. Vətəndaşın sözlərinə görə, problem 2016-cı ildə küçədə yeni ünvan nömrələrinin yerləşdirilməsindən sonra yaranıb.

O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin problemin həll olunmadığını deyir. Vətəndaş xüsusilə gələcəkdə vərəsəlik və digər hüquqi məsələlər zamanı övladının bu problemi həll edə bilməyəcəyindən narahat olduğunu bildirir.

"Mən dünyamı dəyişsəm, övladım bunu heç cür həll edə bilməyəcək. Məsələyə indi baxmırlarsa, bundan sonra heç həll etməyəcəklər", - deyə o söyləyib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Prezidentin 10 fevral 2012-ci il tarixli fərmanına əsasən, daşınmaz əmlak obyektlərinə ünvanlar həmin fərmanla təsdiq edilmiş qaydalara uyğun müəyyən edilir. Hazırda köhnə ünvanlardan yeni ünvanlara keçid prosesi davam edir.

Qeyd edilib ki, vətəndaşın şəxsiyyət vəsiqəsində və mülkiyyətində olan fərdi yaşayış evinin çıxarışında köhnə ünvan göstərilibsə və ya ünvan uyğunsuzluğu mövcuddursa, problemin aradan qaldırılması və hər iki sənəddə yeni, düzgün ünvanın qeyd edilməsi üçün "ASAN xidmət" mərkəzinə ərizə ilə müraciət etmək mümkündür.

0