Balina tərəfindən udulan insan sağ qala bilərmi? - Alimlərdən cavab

MARAQLI
19:58 / 22.10.2026
63

Balina tərəfindən udulan dalğıcın sağ qalmaq uğrunda mübarizəsini əks etdirən “Whalefall” filmi bu hadisənin real həyatda mümkün olub-olmadığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Mütəxəssislərin fikrincə, balinaların əksəriyyətinin anatomik quruluşu insanı udmağa imkan vermir. Lakin nəhəng ölçüləri ilə seçilən kaşalotlarda belə bir ehtimal nəzəri baxımdan mövcuddur.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “CHIP” nəşri yazıb.

18 metrədək böyüyə bilən kaşalotlar nəhəng kalmarlarla qidalanır. “Mount Sinai” tibb məktəbinin anatomisti Coys Reydenberqin sözlərinə görə, bu növün boğazı insanı uda biləcək qədər geniş ola bilər. Bununla belə, belə bir halın yalnız çox iri, yetkin fərdlərdə mümkün olduğu bildirilir.

Balinaların insanı ağızlarına alması ilə bağlı real hadisə də qeydə alınıb. 2021-ci ildə ABŞ-ın Massaçusets ştatında xərçəng ovlayan dalğıc Maykl Pakard donqar balinanın ağzında qalıb, lakin qısa müddət sonra heyvan tərəfindən çölə atılıb. “Whale and Dolphin Conservation” təşkilatının mütəxəssisi Nikola Hocins izah edib ki, donqar balinaların boğazı təxminən insan yumruğu ölçüsündədir. Buna görə də dalğıcın həqiqətən udulması mümkün olmayıb.

Bəs insan balinanın mədəsində sağ qala bilərmi?

Mütəxəssislərə görə, kaşalot tərəfindən udulmaq nəzəri cəhətdən mümkün olsa da, mədədə sağ qalmaq olduqca çətindir. Balinanın mədəsi filmlərdə təsvir edilən geniş boşluğa bənzəmir. Əksinə, bura qaranlıq, dar və nəm mühitdir. Üstəlik, həzm şirələri insan orqanizmi üçün ciddi təhlükə yaradır.

Dalğıcın oksigen balonu tükəndikdə nəfəs almaq imkanı da aradan qalxır. Kaşalotların okeanın dərinliklərinə dalması zamanı yaranan yüksək təzyiq, heyvanın bədən istiliyi və mədədəki həzm prosesləri isə sağ qalmaq ehtimalını daha da azaldır.

Beləliklə, filmin süjetindəki hadisə anatomik baxımdan tamamilə mümkünsüz sayılmasa da, insanın kaşalotun mədəsində uzun müddət sağ qalması və oradan xilas olması real həyatda son dərəcə aşağı ehtimallı ssenaridir.

Samir

0