1996-cı ildə satışa çıxarılan “Super Mario 64” videooyununda oyunçuların təxminən 30 ildir mənasını anlamağa çalışdığı müəmmalı yazı yeni araşdırma nəticəsində deşifrə edilib. Proqramçı milyonlarla söz və şrift kombinasiyasını müqayisə edərək yazının ehtimal olunan məzmununu müəyyənləşdirib. Nəticə oyunda Luicinin gizli personaj olması ilə bağlı məşhur nəzəriyyəni də yenidən gündəmə gətirib.
HT.az xəbər verir ki, Türkiyənin CHIP nəşrinin “Video Games Chronicle”a istinadən yaydığı məlumata görə, Mochi64 adlı proqramçı təhlil zamanı açıq mənbəli hesablama proqramından istifadə edib. O, görüntünü ənənəvi üsullarla aydınlaşdırmaq əvəzinə, milyonlarla söz və şrift variantını müqayisə edərək orijinal piksellərə ən yaxın uyğunluğu axtarıb.
Təhlilin nəticəsinə əsasən, oyunun qala həyətindəki ulduz heykəlinin altında yerləşən yazının yuxarı sətrində “Eternal Star” (“Əbədi ulduz”), aşağı sətrində isə “We hope so” (“Ümid edirik”) ifadələrinin olduğu ehtimal edilir. Bu sözlər heykəlin üzərindəki ulduzla əlaqələndirilir, ikinci ifadənin isə oyunçuların bütün ulduzları toplamasına işarə ola biləcəyi düşünülür.
Yazı uzun illər “L is Real 2401” kimi şərh edilib. Bu oxunuş Luicinin oyunda gizli və idarəolunan personaj kimi mövcud olması barədə fərziyyələrin yaranmasına səbəb olub. Hətta IGN nəşri Luicinin kilidini açmağı bacaran şəxsə 100 dollar mükafat vəd edib. “Nintendo Power” jurnalının 1 aprel buraxılışında da bu nəzəriyyəyə yer verilməsi müzakirələri daha da gücləndirib.
Şayiələrin yayılmasında oyunun yaradıcılarından Şigeru Miyamotonun açıqlamaları da rol oynayıb. O, hazırlanma mərhələsində iki oyunçulu rejimin sınaqdan keçirildiyini, lakin yaddaş məhdudiyyətlərinə görə bu ideyadan imtina edildiyini bildirmişdi. Mario və Luicinin birlikdə göründüyü ilkin sınaq görüntüləri də nəzəriyyəyə marağı artırmışdı.
Bununla belə, yeni təhlilin nəticələri hələ “Nintendo” tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Buna görə də yazının sirrinin qəti şəkildə açıldığını demək tezdir. Araşdırma isə oyun tarixinin ən uzunömürlü müzakirələrindən birinə yeni izah təqdim edir.
Samir


