Civə təhlükəsi olmadan hansı balıqları yemək olar?

SAĞLAMLIQ
20:57 / 22.10.2026
57

Balıq sağlam qidalanmanın vacib hissəsi olsa da, bəzi növlərdə civənin miqdarı yüksək ola bilər. Diyetoloqların fikrincə, bu riski azaltmaq üçün iri yırtıcı balıqlar əvəzinə sardina, ançous və skumbriya kimi növlərə üstünlük vermək məsləhətdir.

HİT.az xəbər verir ki, bu barədə “El Español” məlumat yayıb.

Dietoloq və qida texnoloqu Beatriz Robles bildirib ki, balığın ölçüsü və yaşadığı müddət onun orqanizmində civənin toplanmasına təsir göstərir. İri yırtıcı balıqlar qida zəncirində daha çox çirkləndirici maddə qəbul etdikləri üçün onların toxumalarında civənin konsentrasiyası yüksək ola bilər.

Bu proses bioakkumulyasiya adlanır. Suda olan civə metilcivəyə çevrilərək canlıların orqanizminə daxil olur. Kiçik balıqlarda bu maddə müəyyən miqdarda toplansa da, iri balıqlar onları yedikcə çirkləndiricinin konsentrasiyası artır.

İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) məlumatına görə, civənin yüksək olduğu balıqlara qılıncbalıq, göyüzgəcli tuna, bəzi köpəkbalığı növləri və durnabalığı daxildir. Sardina, ançous, skumbriya, stavrida, siyənək, hek, dəniz çapağı, qızılbalıq, treska və kambala isə civə səviyyəsi aşağı olan növlər sırasında göstərilir.

Mütəxəssislər xüsusilə hamilə və süd verən qadınlara, eləcə də azyaşlı uşaqlara diqqətli olmağı tövsiyə edirlər. Metilcivə inkişaf etməkdə olan sinir sisteminə təsir göstərə bilər. AESAN bu qruplara qılıncbalıq, göyüzgəcli tuna, köpəkbalığı və durnabalığından tamamilə uzaq durmağı məsləhət görür. 10–14 yaşlı uşaqlara isə həmin balıqlardan ayda 120 qramdan çox yeməmək tövsiyə olunur.

Bununla belə, civə riski balıqdan tamamilə imtina etmək üçün əsas deyil. Agentlik əksər insanlar üçün həftədə üç-dörd porsiya balıq yeməyi, müxtəlif növlər seçməyi, həm ağ, həm də yağlı balıqları növbələşdirməyi tövsiyə edir.

Konservləşdirilmiş balıqlara gəlincə, tuna konservlərində civənin miqdarı skumbriya konservləri ilə müqayisədə daha yüksək ola bilər. Buna görə də balıq seçərkən yalnız məhsulun formasına deyil, növünə də diqqət yetirmək vacibdir.

Samir
 

0