İqlim Fəaliyyəti Həftəsinin Bakıda keçirilməsinin ƏHƏMİYYƏTİ

ÖLKƏ
14:10 / 07.09.2026
267

“Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə fəal mövqeyini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. 

O, İqlim Fəaliyyəti Həftəsinin paytaxtımızda keçirilməsinin əhəmiyyətindən danışıb:


“Belə bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın COP29-dan sonra da qlobal iqlim gündəliyində fəal iştirak etdiyini göstərir. Bu baxımdan İqlim Fəaliyyəti Həftəsi həm ölkəmizin təcrübəsinin bölüşülməsi, həm də yeni təşəbbüslərin müzakirəsi üçün mühüm platformadır. Xüsusilə yaşıl enerji, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi və ətraf mühitin qorunması istiqamətində Azərbaycanın həyata keçirdiyi layihələr tədbirin əhəmiyyətini daha da artırır”.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi, günəş və külək enerjisi layihələrinin reallaşdırılması Azərbaycanın iqlim öhdəliklərinə yalnız bəyanatlar səviyyəsində deyil, praktiki addımlarla yanaşdığını göstərir:
“Hesab edirəm ki, İqlim Fəaliyyəti Həftəsi dövlət qurumları ilə yanaşı, biznes, elm, vətəndaş cəmiyyəti və gənclərin iqlim məsələlərində daha fəal iştirakına imkan yaradır. İqlim dəyişmələri qlobal xarakter daşıdığı üçün bu istiqamətdə nəticə əldə etmək yalnız beynəlxalq həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsi ilə mümkündür. Azərbaycanın Bakıda belə bir platformaya ev sahibliyi etməsi ölkəmizin ekoloji və iqlim gündəliyində artan rolunun mühüm göstəricisidir”.

Elmir Mustafa

0