“Azərbaycanda erməni dilinin tədrisinə ehtiyac olduğunu düşünmürəm”.
Bu sözləri Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məsələ cəmiyyəti narahat edir:
“Hesab edirəm ki, bu məsələdə birmənalı mövqe olmalıdır, aralıq bir mövqe yoxdur. Vaxtilə torpaqlarımız işğal altında olanda bəzi QHT-lər erməni nümayəndələrini hansısa konfranslarda iştirak etmək üçün Bakıya gətirirdilər. Biz o vaxt Qarabağ Azadlıq Təşkilatı (QAT) olaraq bunun səbəbini bilirdik və sözügedən səfərlərə qarşı çıxırdıq.
Ermənilər hesab edirdilər ki, müharibənin birinci mərhələsini udublar, torpaqlarımızı tutublar, indi o reallığı Azərbaycan cəmiyyəti və dövlətinə qəbul etdirə biləcəklər. Bunun üçün də vasitələrdən biri “xalq diplomatiyası” deyilən "proses" idi. Onlar, bizim işğal faktı ilə barışacağımızı zənn edirdilər. Lakin bir an olsun belə bunu qəbul etmədik, nəticədə torpaqlarımızın hər qarışını geri aldıq”.
Siyasətçi qeyd edib ki, zamanında bu prosesə qarşı çox mübarizə aparıb:
“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bu prosesin qarşısını ala bildik. Təəssüf ki, o prosesdə iştirak edən yerli QHT üzvlərinin də müəyyən təmənnaları var idi. Onlar izah edirdilər ki, guya ermənilərin Azərbaycanın nə qədər inkişaf etdiyini görmələri üçün bu səfərləri təşkil edirlər. Hərçənd ki, ermənilər sosial şəbəkələr vasitəsilə ölkəmizin inkişafını görə bilərdilər. Yəni özlərinin anti-Azərbaycan mövqeyinə bu cür bəraət qazandırmağa çalışırdılar”.
Partiya sədri diqqətə çatdırıb ki, indi də bəzi universitetlərdə erməni dilinin tədrisinə başlanılır:
“Hətta bəziləri erməni dilini bilməyimizin üstünlük olacağını deyirlər. Lakin buna qətiyyən ehtiyac olduğunu düşünmürəm. Ona görə ki, hər hansı bir ölkədə xarici dilin öyrənilməsinin mənası var, əhəmiyyəti var. Məsələn, Rusiya israrla keçmiş SSRİ məkanındakı rus dilinin tədrisinin qalması üçün çalışır.
Çünki rus dilinin qalması bir növ Rusiyanın təsir imkanları deməkdir. Erməni dilinin yayılması da buna xidmət edə bilər. Ona görə ehtiyac yoxdur. Əgər Azərbaycanda bir çox universitetdə erməni dilinin tədrisi başlasa, biabırçı vəziyyət yaradacaq”.
Akif Nağı fikirlərini belə əsaslandırıb:
“Nə üçün tələbələrimiz ermənilərin tarixini və ya mədəniyyətini öyrənməlidir? Onların dilini bilmək bizim nəyimizə lazımdır? Hesab edirəm ki, erməni dilini sadəcə xüsusi xidmət orqanları və ya kəşfiyyat xarakterli kadrlar yetişdirən institut tədris etməlidir.
Çünki haçansa ermənilərin təxribatlarına cavab vermək və ya başqa məqsədlər üçün lazım ola bilər. Ancaq digər universitetlərdə erməni dilinin geniş şəkildə tədrisi bizim maraqlarımıza cavab vermir”.
Elmir Mustafa



